Topaz Premyer Liqasının IV turu artıq başa çatıb. Ötən mövsüm pis nəticə göstərməyən "Rəvan" cari mövsümdə autsayder mövqeyindədi. Bununla belə, qələbəyə ümidli olan Bakı təmsilçisi Vladislav Qədirovun başçılığı ilə yeni transferlər həyata keçirib.
Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov Fanat.az-a açıqlamasında komandanın gələcəyi haqda bunları bildirib: "Komandamız yeni transferlər həyata keçirib. Transfer pəncərəsi bağlanana qədər daha bir neçə futbolçunun gətirilməsi istisna deyil. Düzdü, 4 turdan sonra ürəkaçan nəticə göstərməmişik. Ancaq baş məşqçimiz Vladislav Qədirov hələ öz komandasını tam yığmayıb. Komandaya lazım olan futbolçuları saxlayıb, digərlərini heyətdən xaric edir".
Klub rəsmisi artıq 3-cü dəfə komandaya gətirilən və müsbət nəticə göstərməyən baş məşqçinin taleyinə də aydınlıq gətirib: "Bildiyimiz kimi Qədirov hələ 2 turdu komandayla birgə işləyir. Onun gedib-getməyəcəyi barədə heç bir söhbət də yoxdu. Hələ ki, rəhbərlik Qədirovun komandada qalmasını məsləhət görür. İnşallah, hər şey ürəyimizcə olar".