“Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Qazandığımız 10 qələbə tsikl boyu konsentrasiyanı itirməməyimizin göstəricisidi”. Fanat.Az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsinin son turu çərçivəsində yığmamızı 5:1 hesabıyla yenən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Kayzerslauterndə qeydə alınan 5:1 hesablı zəfərin ardından düzənlənən ənənəvi mətbuat konfransına qatılan mütəxəssis qısa şərhin ardından jurnalistlərin suallarını cavablandırıb:
Matçdan sonrakı mətbuat konfransında Löv fikrini bu sözlərlə davam etdirib: “Rəqibin kimliyi bizim üçün xüsusi önəm daşımır. Birinci hissədə o qədər də hərəkətli deyildik. Texniki səhvlərə yol verdik. İkinci yarıda isə istədiyimiz oyunu sərgiləməyi bacardıq. Gənclərin daha yaxşı oynaması üçün müəyyən zamana ehtiyac var. Bir neçə aydan sonra dünya çempionatı başlayacaq. İndidən bu turnir haqda düşünməliyik. Çünki dünya çempionatı başqa mübarizə meydanıdı. Orda hər şey fərqlidi.
- İlk hissədə bir epizoda əsəbiləşdiz...
- İlk qoldan sonra müdafiəçilər ləng görünürdülər. Nəticədə Azərbaycan hücumlara çıxa bilirdi. Məlum məsələdi ki, arxa xətdə yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edir. İkinci yarıda bu çatışmazlığı yoluna qoyduq.
- Noyabr ayında sınaq matçlarına çıxacaqsız. Yoxlama oyunları üçün güclü komandalar seçmisiz. Niyə?
- Güclülərlə oyunda səhvlərimizi daha yaxşı görə bilərik. 6 sınaq matçı keçirməyi planlaşdırırıq. Noyabrdan marta qədər 4 aylıq fasilə var.
- Dekabrın 1-də keçiriləcək püşkatmaya görə həyəcan keçirirsizmi?
- Rəqiblərin kimliyinin fərqi yoxdu.
Fanat.Az