“Sadiondakı ab-hava möhtəşəm idi. Gözlədiyimdən də artıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”yə bu yay qoşulan Endi Hallidey deyib.
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşündə “Yagelloniya”ya qarşı top qovan legioner 1:1 hesablı bərabərliyi dəyərləndirib: “Yenilərin uyğunlaşması vaxt aparır. Əlbəttə ki, oyuna tam hazır deyildik. Bunu dünən də demişdim. Avstriya toplanışında 10 gün bir yerdə hazırlaşmışıq və 3 yoldaşlıq oyununa çıxmışıq. Yəni görüşün çətin keçəcəyini bilirdik. İlk yarım saatda istədiyimizi edə bilmirdik. Üstünlük qonaqlardaydı və bu üstünlüklərini qola çevirdilər. Fasilədən sonra əksinə, oyuna biz nəzarət edirdik, "Yagelloniya" xoşbəxtliyi əks-hücumlarda axtarırdı".
Hallidey cavab matçında qələbə qazanmaq arzusunu ortaya qoyub: “Hesabı faciəyə çevirməyək. Cavab oyununda bizi daha gərgin oyun gözləsə də, şansımız az deyil. Səfərdə qol vurmalıyıq. İkinci hissədəki kimi oynasaq, azarkeşlərimizi qələbəylə sevindirəcəyik”.
Fanat.Az