"Baxın, qarpızımız şirin çıxdı" - EKSKLÜZİV MÜSAHİBƏ

"Baxın, qarpızımız şirin çıxdı" - EKSKLÜZİV MÜSAHİBƏ
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Fanat.Az-a müsahibəsi
- Bu toplanış əvvəlkilərdən nə ilə fərqləndi? 
- Əslində elə böyük fərq yoxdu. Proqram həmişə eyni qaydada hazırlanır. 14 gün ərzində nə ilə məşğul olacağımızı planlaşdırırıq. Çempionatın birinci yarısında hakimlərin idarə etdiyi oyunların təhlili, müsbət və mənfi məqamların araşdırılması, çatışmazlıqların aradan qaldırılması əsas məqsəd idi. Bundan başqa, fiziki hazırlığın artırılması yönündə məşqlərə üstünlük verməyin vacib olduğunu bilirdik. Çünki fiziki hazırlıq hakim üçün iki əsas amildən biridi. Nəzəri biliklər fonunda dayanıqlılıq olduqca önəmlidi. Burda olduğumuz müddətdə fiziki hazırlıq yönündə 30 məşq keçirilib. Təbii otda, fitnes zalında, dəniz kənarında çalışmalarımız olub. Namiq müəllimin (hakimlərin fiziki hazırlıq üzrə məşqçisi) xüsusi hazırlıq proqramına əsasən normativ verdilər. Sevindirici haldı ki, bütün referilər normativlərin öhdəsindən gəldilər. Əlbəttə, nəzəri məşğələlər də nəzərdə tutulmuşdu. Bu işi Əli müəllimə (Hakim-İnspektorlar Komitəsinin sədri) həvalə etmişdik. 
Yayda oyun qaydalarında bir çox dəyişikliklər olmuşdu. Yay təlim-məşq toplanışında yenilikləri hakimlərlə bölüşmüşdük. Bu dəfə belə desək, təkmilləşdirdik. Bəzilərini çempionatda tətbiq etdik. Mütəxəssislər və media mənsubları xəbər tutmasalar da, müəyyən yeniliklərdən istifadə etdik. Ümumilikdə 17 qaydadı. Qeyd etdiyim kimi, bu istiqamətdə fikir mübadilələri apardıq, toplanış iştirakçılarının qaydaları daha dərindən mənimsəməsinə şərait yaratdıq. Hazırlıq dönəmində zədələnən, səhhətində ciddi problem yaranan hakim olmadı. Həkimimiz Esmiralda xanıma təşəkkür edirəm. 50-dən yuxarı oyun idarə olundu. Düzdü, əsas say yox, idarəçiliyin keyfiyyətidi. Gün ərzində keçirilən 6 oyundan azı 4-ü çəkilirdi və videoblok şəklində müzakirə olunurdu.
"Baxın, qarpızımız şirin çıxdı" - EKSKLÜZİV MÜSAHİBƏ
- Son vaxtlar Türkiyədəki məlum hadisələrə görə Antalyaya toplanışa gələn komandaların azlığından şikayət edirlər. 50-dən yuxarı oyun idarə olunduğunu dediniz. Bu sayda oyun tapmaq problem yaratmadı? 
- Açığı, narahatçılıq var idi. Bura yanvarın 11-də gəlmişdik. Səviyyəli oyunların az ola biləcəyindən ehtiyatlanırdıq. Ancaq ayın 15-dən sonra həmişə olduğu kimi, güclü komandaların sayı çoxaldı və ciddi problem yaşamadıq. Hər hakim azı 4 oyun idarə etdi.
- Bu say sizi qane edir? 
- Qane edir. Əvvəlki illərdə gənc referilərə 1-2 oyun verirdik. Bu dəfə Nahid Xasıyev, Emin Nağıbəyov və başqa gənclərin hərəsi 3 matçda iş başında olub.
- Bunu ötən il də hiss etmişdim, yenə də müşahidələrimə əsasən eyni halın təkrarlandığını düşünürəm. Sizcə, Azərbaycan hakimlərinin bu səviyyədə təlim-məşq toplanışı keçməsi, sınaq oyunlarının əksəriyyətində fit çalması Türkiyə Futbol Federasiyasında qısqanclıq yaratmır ki? Niyə TFF toplanışdan əvvəl futbol qurumları arasında razılaşmaların, yazışmaların olmasını tələb edir? 
- Bura gəlməmişdən TFF-yə yazılı müraciət ünvanlamışdıq. Xahiş etmişdik ki, oyunların idarə olumasına maneə törətməsinlər, əksinə, bu yöndə yardım göstərsinlər. Doğrudu, bir neçə oyunda öz hakimlərimizi göndərdik və məlum oldu ki, həmin matç başqa briqadaya verilib. Amma TFF ilə razılaşdırılan görüşlərdə buna bənzər hal yaşanmadı. Qısqanclıqdan söhbət gedə bilməz. Komandaları bura gətirən və yoxlama oyunları təşkil edən bəzi təşkilatçıların səhvləri olub. TFF bizə çox səviyyəli qarşılaşmaları idarə etmək imkanı yaratdı. Ayın 18-dən sonra bu mənada çox şey qazandıq. 
- Hakimlərin nəzəri səhvlər üzərində işlədiklərini bildirdiniz. Bilmirəm, burdakı oyunlarda necə, çempionatda xətalar daha çox olur. Neçə ildi eyni qaydada hazırlaşırlar. Bəs eyni səhvlərin təkrarlanması nə ilə bağlıdı?
- Ola bilsin, yenə də təkrarlanacaq. Metodiki hazırlıqla bütün səhvlərin aradan qaldırılacağına təminat vermək qeyri-mümkündü. Həmişə səhv də, söz-söhbət də olacaq. Dünyanın bütün ölkələrində belədi. Heç bir hakim “mən səhv etmirəm” deyə bilməz. Türkiyəyə toplanışa gələn bütün ölkələrin hakimləri demək olar, eyni proqram üzrə hazırlaşır. Şübhəsiz, bütün növ səhvlər olur. Gənclərdə belə hallara daha çox rast gəlinir. Toplanışın onlar üçün də faydalı olduğuna əminəm. Təcrübəlilərdən öyrənir, müxtəlif ölkələri təmsil edən samballı komandaların oyununda əvəzsiz təcrübə qazanırlar. Çempionatda etdikləri səhvlərin 90 faizini aradan qaldıracaqlar. 
"Baxın, qarpızımız şirin çıxdı" - EKSKLÜZİV MÜSAHİBƏ
- İdarə olunan oyunlardan sonra həmin qarşılaşmanın videoyazı şəklində ümumi müzakirəyə çıxarıldığını, ədalət təmsilçisinin səhvlərinin öz həmkarları tərəfindən tutulduğunu, necə deyərlər həm müzakirə həm mühakimə aparıldığına şahidlik etdim. Mühakimə və müzakirə düzgündümü?
- Əlbəttə. 
- O zaman televiziya vasitəsiylə çempionat oyunlarının çək-çevir edilməsi də düzgündür…
- Bəli. Səhvləri də, sağlam tənqidi də qəbul edirəm. Amma bəzən tənqid təhqir səviyyəsinə keçir və ya deletantlıq həddinə çatır. Belə olanda adam nə baxmaq istəyir, nə də dinləmək. 
- Sualın davamını gətirim: hakim səhvlərinə görə ictimai qınaq olmalıdı, ya yox? Mətbuat necə mövqe tutmalıdı?
- Mətbuatın rolu əvəzsizdi. Yenə deyirəm, normal təhlil, müzakirə aparılsa... Təəssüf ki, bizdə arzulanan mövqedə olan KİV-lər azdı. Bir-ikisi var ki, normal işıqlandırır, bilmədiyini də yazmır. Yəni gerçək mahiyyətindən xəbərdar olmadığını yazmaqdansa, susmağı üstün tutanlar azdı.
- Sizcə, klublarımızın zəif çıxışı azarkeşləri stadionlardan didərgin salıb, yoxsa hakim səhvləri?
- Azarkeşlərin stadionlara gəlməməsi hakim səhvləriylə bağlı deyil. Qətiyyən! Komandaların bəzən oynadığı səviyyəsiz futbol əsas səbəbdi. Bəzi qarşılaşmalara baxmaqdansa, stadiona getməməyi uyğun sayırlar. “Filan oyuna getməyim, hakim səhv edəcək” məntiqi ağlabatan deyil axı. 
- Son illərdə hakimlikdən gedənlər aktiv fəaliyyətə başlayıb. İstəsəz, ad da çəkə bilərəm. Məsələn, Anar Salmanov ədalət təmsilçilərinin səhvlərini incələyir, xətalara müxtəlif şərhlər verirlər. Babək Qulevi də vaxtı ilə belə edirdi. Etik cəhətdən doğrudurmu?
- Normal hal sayıram. Belə verilişlərin açılması təqdirəlayiqdi.
 
- Anar Salmanovun iştirakıyla keçirilən verilişə baxmısız, bəyənirsiz? Tutduğu iradlarla razılaşırsız?
- Mən ad çəkmək istəmirəm. Onu deyə bilərəm ki, sırf hakimliyə həsr olunmuş verilişin açılması müsbət haldı. Ora dəvət olunanların bilik səviyyəsi də yüksək olmalıdı ki, epizodları düzgün təhlil edə, tamaşaçıya çatdıra bilsinlər.
"Baxın, qarpızımız şirin çıxdı" - EKSKLÜZİV MÜSAHİBƏ
- Yaxşı ad çəkməyin. Onların hakimlik səviyyəsindən razı olmusuzmu? 
- Bəli, olmuşam, müəyyən vaxta qədər. Getmək səbəbləri isə fərqlidi. “Mən yaxşı hakiməm, nə istəsəm edə bilərəm” anlayışı yoxdu. 
- Yəni hakimliklə vidalaşmaq səbəblərinə rəğmən, onların müzakirələrinə, səhvləri qabartmasına haqq qazandırırsız... 
- Öz üzərində işləyirsə, maraqlanırsa, oxuyursa, biliklərini artırırsa, niyə də yox?
- Aydındı. Suala onsuz da cavab vermədiz. 
- Verdim. 
-Tutarlı cavab olmadı... Hakimliyin inkişafı yönündə aparılan işlər göz qabağındadı. İnkişafı da danmırıq. Bəs AFFA-ya növbəti inkişaf mərhələsi üçün hər hansısa yeni layihələr, təkliflər təqdim etmisizmi? Və ya belə bir fikriniz varmı? 
- 2008-ci ildə fəaliyyətə başlayanda böyük proqram hazırlamışdıq. O vaxt təkliflərimizi, lazım bildiyimiz islahatları AFFA-nın İcraiyyə Komitəsinə təqdim etmişdik. Bu gün də həmin proqram üzrə çalışırıq. Bu gün bir hakimimizin dünyanın ən yaxşıları arasında olması düzgün istiqamət seçdiyimizin göstəricisidi. FİFA referilərimizə indi daha çox oyun verirlər. Bəzən bizi bir nəfərin – Əliyar Ağayevin ətəyindən tutmaqda suçlayırlar. Mənim onlara hər dəfə cavab vermək imkanım olmur. Elə sizin sayt vasiyəsiylə deyirəm: Rusiya və Ukraynanı çıxın, mənə keçmiş SSRİ ölkələrindən başqa birini göstərin ki, həmən kateqoriyada 2-3 və daha artıq hakimi olsun. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan... Son ikisində də bir nəfərdi. 
- Rusiyadan daha çoxdu, Ukraynadan da iki nəfərdi... 
- Elədi. Ukraynadan da iki nəfərdi. Əliyar ordadısa, başqaları da olacaq. Bir qədər vaxt lazımdı. Azərbaycan böyük futbol ölkəsi sayılmırsa, Ağayevin uğuruna sevinməyə haqqımız çatır. Və onunla kifayətlənmək fikrində də deyilik. Əliyara gənc yaşlarında təyinat verəndə “bu uşaq-muşağı oyuna göndərirlər”, “hakim yox, qarpız yetişdirirlər” iradı tutanlara üzümü tuturam: baxın, qarpızımız çox şirin çıxdı. Ukraynalılara gəlincə, Aranovskini Bakıda gördük... Elə o biri də “Qəbələ”nin Kiprdəki oyununda aləmi bir-birinə qatmışdı. Kollina kimi ulduz 7-8 ildi Ukraynadadı. Hələ ordan elit hakimlər sırasına kimsə düşməyibsə, iki nəfərin 1-ci kateqoriyanı alması uğur deyil. Futbolunun səviyyəsinə görə də Azərbaycanla müqayisə olunmur. İnanıram ki, Əliyar bir ilə onların hər iksini geridə qoyacaq.
- Xaqani müəllim, bu toplanışın tapıntısı kimdi? 
- 3 nəfərin adını çəkə bilərəm. Referi - Nahid Xasıyev, referi köməkçiləri Cəmil Quliyev və Elşad Abdullayev. Nahidin üzərində xüsusi dayanmaq istəyirəm. Burda 3 oyun idarə etdi və heç biri bir-birinə bənzəmədi. Oyundan-oyuna mühüm irəliləyişlərlə diqqət mərkəzinə düşdü. Özüm də bir oyununa canlı baxdım. Bizi yaxşı mənada təəccübləndirdi. Gəncliyinə bağışlanacaq metodiki səhvlərə baxmayaraq, qətiyyətiylə, fiziki hazırlığıyla xoş təəssüratlar oyatdı. Dərslərdə də böyük əvəslə çalışır, hətta başqalarına tutulan iradları da özü üçün qeyd edirdi. Bunu gözümlə gördüm və xoşuma gəldi. Yəqin, Nahidi gələn mövsümdən Premyer Liqada görəcəksiz. Adlarını çəkdiyim yan xətt hakimlərini isə daha tez.
"Baxın, qarpızımız şirin çıxdı" - EKSKLÜZİV MÜSAHİBƏ
- Çempionatda komanda sayı azdı. İki komanda arasında çempionluq mübarizəsi gedir. Öz aralarında oynayanda hər səhvə sərt reaksiya verirlər. Belə oyunlara ən yaxşıları göndərmək əsas şərt deyilmi? Siz təyinat bölgüsünü necə aparırsınız? Bilmədiyimiz seçim kriteriyaları varmı?
- Təbii. Bütün dünyada belədi, bizdə də həmçinin. Çempionatın ən yaxşı oyunu, onu haqq edən hakimindi. Ancaq komandalar da hər şeyi hakimlərin üstünə atmağa çalışmamalı, səhvi daha çox özlərində axtarmalıdılar.
- Hələ klublarımızdan Çempionlar Liqasının qrupuna düşən olmayıb. 1-ci kateqoriyalı Əliyarı ora düşmüş sayırsızmı?
- Yazda bu təyinatı gözləyəcəyik.
- Onu demirəm, klublarımızla hakimliyin inkişafını müqayisə etsək, hansı öndədi?
- Klublarımız legioner futbolçuların dəstəyiylə Avroliqanın qrupunda oynayırsa belə, xoşdu. Hakimlər isə hamısı azərbaycanlı balalarıdı və Avropanın ən yaxşılarıyla bir sıradadı, U-19-lar arasında DÇ-nin finalını idarə edib və sair. Məncə, klublarımız inkişafda hakimliyə uduzur. 
Əli Sahib
Antalya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər