"Liverpul", "Real Sosyedad" və Moskva MOİK-i kimi klublarda oynamış Çili millisinin sabiq yarımmüdafiəçisi - Mark Qonsales dəhşətli anlar yaşayıb.
Fanat.Az xəbər verir ki, iki övladı, xanımı dostlarıyla Çilinin Serro-loma-Larqa bölgəsindəki dağlıq əraziyə gəzintiyə çıxan Qonsales bir qrup şəxsin hücumuna məruz qalıb.
Çomaqla döyülən və üzərinə böyük daşlar atılan Mark ciddi bədən xəsarətləri alıb. Onurğası sınan futbolçu başına gələnləri "La Tercera"ya danışıb:
"Təbiətdə gəzməyə tez-tez gedirik. Bu, bizim yaşadığımız yerdən uzaqda deyil. Qəfildən atəş səsi eşitdik. Lakin bunun bizim üçün bir təhlükə olmadığını düşündük. Yamac yuxarı qalxandan sonra qarşımıza balaca uşaqları olan başqa ailə çıxdı. Onlar silahla hədələndiklərini, döyülərək qovulduqlarını söylədilər. Təbii ki, dedikləri bizə qəribə gəldi. İyirmi metr getməmişdik ki, kimsə bizə səslədi. Yanımızdakı qadınlara əl atdılar, əllərindəki böyük daşlarla hədələdilər. Başıma daşla vurub öldürəcəklərini güman etdim. Ardından daha biri gəldi. Atın üstündə idi, əlindəki daşı üstümə atdı. Sonra bizi dəyənəklərlə, daşlarla vura-vura qovmağa başladılar. Müqavimət göstərmək məcburiyyətində qalmışdım. Amma bu, yalnız vəziyyətin gərginləşməsinə yol açdı. Nəticədə onurğam sındı...
Bilmirəm narkomanlar idi, yoxsa həddi-buluğa çatmamış yeniyetmələr... Sadəcə, dəhşətli hadisə idi... Uşaqlarımın nə çəkdiklərini təsəvvür edirsiz? Bildiyimə görə, həmin şəxslər həbs olunub. Ədalətin öz yerini tapması üçün əlimdən gələni edəcəm. Bu cinayət cəzasıq qalmamalıdır".
Atilla