“İnter”i təbrik edirəm. Bizi yaxşı qarşıladığına, təşkilatçılığa və göstərdiyi oyuna görə”. Bu sözlər “Mladost”un baş məşqçisi Nenad Milovanoviçə məxsusdu.
Avropa Liqasının I təsnifat mərhələsində öz meydanında “İnter”ə böyük hesabla (0:3) yenilən Serbiya klubu “Dalğa Arena”da keçirilən cavab qarşılaşmasında da məğlub olaraq (0:2) mübarizəni dayandırıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Milovanoviç məğlubiyyəti şərh edib: “Serbiyada olduğu kimi, hadisələr burda da təkrarlandı. Yenə topa biz daha çox sahib olsaq da, ilk qolu standart vəziyyətdən buraxdıq. “Mladost” çempionat oyunlarında 3 top fərqi ilə uduzmamışdı. “İnter”də Denis Silva hava toplarında yaxşı oynayır. Onu burda nəzarətsiz qoyduq və nəticədə qol buraxdıq. Həmçinin oyun intizamının aşağı səviyyədə olduğunu da vurğulamalıyam. İki xoşagəlməz hadisə ilə üzləşdik. İlk hissədə oyunçumuz zədə aldı, əvəzləndi. Fasilə ərəfəsində də oyunçumuz səfeh sarı vərəqə aldı. Bunların da nəticəyə təsiri oldu. İkinci hissədə də iki qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Ancaq “İnter” əks-hücum yaratdı və Nizami Hacıyev ümidlərimizi öldürən qola imza atdı. Bundan sonra vəziyyəti dəyişmək şansımız yox idi. Unutmayaq ki, biz avrokubokların debütant komandasıyıq. Qol vura bilmədik, rəqib isə 5 dəfə fərqləndi. Onların Nizami Hacıyev, Rauf Əliyev və Pərdis-Fərcad Azad kimi sürətli hücumçuları var. Komandaya növbəti mərhələdə uğurlar arzulayıram”.
- “İnter” tarixinin ən pis dönəmində iki matçda qapınızdan 5 top keçirdi. Buna münasibətiniz maraqlıdı...
- Azdan-çoxdan məlumatım var. Ancaq futbol oynamaq həvəsi, vətənpərvərlik lazım olan nəticəni qazanmağa kömək etdi.
- Hakimlikdən razı qaldınız?
- Hakimliyə qiymət vermək istəmirəm. Bunu başqaları edir. İki oyunda qol vura bilmirsənsə, başqa məqamlara toxunmağın yeri yoxdu.
- “İnter”ə rəqib olmazdan əvvəl Azərbaycan futbolu ilə bağlı məlumatınız var idmi?
- Əvvəllər məlumatım var idi. Bilirdik ki, futbola kifayət qədər maliyyə vəsaiti ayırırlar. “Qarabağ”, “Neftçi”, “İnter” və “Qəbələ” barədə Serbiyada məlumat var idi. Yaşadığım şəhərdə Azərbaycan şirkətlərindən biri gözəl avtoban tikib. Buna görə, onlara təşəkkür edirəm.(Apasport.az)
Fanat.Az