"Yurqorden"in və İsveçin gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Lukas Berqvall yayda İngiltərəyə köçəcək.
Fanat.Az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Xəbərə görə, daha əvvəl 17 yaşlı futbolçunun "Barselona"nın əsas transfer hədəflərindən biri olduğu bildirilirdi. Kataloniyalılar yarımmüdafiəçini 7+3 milyon avroya almağı planlaşdırırdı. Lakin bundan sonra "Tottenhem" futbolçu uğrunda mübarizəyə qoşulub.
Azərbaycan millisinin forvardı Musa Qurbanlının komanda yoldaşı olan Berqvall İngiltərə klubunu seçib. Fevralın 2-də 18 yaşı tamam olan yarımmüdafiəçi tezliklə tibbi müayinədən keçmək üçün Londona gedəcək.
Berqvallın "Tottenhem"ə yayda keçəcəyi gözlənilir. Londonlular onun transferi üçün 10 milyon avro və əlavə bonuslar ödəyəcək.
Berqvall bu mövsüm "Yurqorden"in heyətində bütün turnirlərdə 26 oyun keçirib və iki qol vurub.
Mirağa