"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo qış fasiləsində heyətin gücləndirilməsini istəyir.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis müdafiə xəttində problemlərinin olduğunu bildirib və rəhbərliyə iki futbolçunun adını təqdim edib. Bunlar "Çelsi"dən Qari Kahill və "Atletiko"dan Dieqo Qodindi.
Qari Kahill "Çelsi"yə 2012-ci ildə "Bolton"dan 8,4 milyon avroya transfer olunub. O, cari mövsümdə cəmi 6 oyunda meydana çıxıb. "Atletiko" isə Dieqo Qodini 2010-cu ildə "Vilyarreal"dan 8 milyon avroya alıb. 32 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə oynadıı 15 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mourinyo bu futbolçularla yanaşı, yarımmüdafiəyə "Roma"nın gənc ulduzu Lorentso Pelleqrininin transferini istəyir. Bu futbolçu 2017-ci ilin yayında "Sassuolo"dan "Roma"ya 10 milyon avroya keçib. Hazırda "Transfermarkt" ona 28 milyon avro qiymət qoyub. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm 13 rəsmi matça çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az