Mahirdən Mahirə məsləhət: "Legiya" ilə dil tapmaq olardı"

Mahirdən Mahirə məsləhət: "Legiya" ilə dil tapmaq olardı"

Azərbaycan millisinin üzvü Mahir Emrelinin "Legiya"dakı durumu qeyri-müəyyəndir. Polşa klubundan ayrılmaq istəyən Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Bəs Mahir Emrelinin bu addımı doğrudurmu? Klub onu cəzalandıra bilərmi? Ümumiyyətlə, 25 yaşlı futbolçunun keçdiyi bu uğursuz praktika ona gələcək karyerasında nə kimi çətinliklər yarada bilər? 

Bu sualları millimizin sabiq üzvü, Türkiyə və Rusiyada legioner həyatı yaşamış veteran futbolçu Mahir Şükürov cavablandırıb:

"Düzdür, Mahirin şəxsi işidir, amma düşünürəm ki, daha adekvat addım atmaq olardı. 6 aydır klubda oynayırsa, daha çox adaptasiya olmalı idi. Məncə, qalıb oynamaq olardı. Belə bir dönəmdə, hələ bir mövsüm tamam olmamış klubu məhkəməyə vermək düzgün deyil. Amma yenə də qeyd edim ki, hər bir futbolçunun öz qərarı var və buna hörmətlə yanaşmaq lazımdır.

Ola bilər ki, klub da prinsipə düşüb öz mövqeyini göstərsin. Məsələn, onu komandanın ikinci heyətinə göndərə bilər ki, Mahir aşağı liqada çıxış etsin. Çünki hazırda qüvvədə olan müqavilələri var. Bundan əlavə, polşalı azarkeşlər də klubun bir üzvüdür, onların da futbolçu haqda öz mövqeləri var və bu addımdan sonra Mahiri tənqid etməkləri normaldır. Avropadakı azarkeşlər bizimkilərdən fərqli olaraq daha yüksək statusa sahibdir. Fikirlərinə önəm verilir. Əlbəttə ki, istəməzdik Mahirin karyerasına xələl gəlsin, amma klub buna qarşı hansıssa addımı atacaq. İnanmıram ki, Mahir məhkəməni udsun. 

Yaxşı olardı ki, klubun təlim məşq toplanışına qatılsın. Bununla o, həm formada qalardı, həm də öz menecerləri və ya vəkilləri ilə birlikdə hansısa danışıqlar aparardı. Dil tapmaq və karyerasını daha münasib şəkildə sürdürmək olardı. Bəlkə məşqçi və klub rəhbərliyi də onu başa düşərdi. Və gələcəkdə klubdan rahat ayrılmasına da səbəb ola bilərdi. Niyə hansısa azarkeş ona kin saxlamalıdır, niyə hansısa klub onunla pis münasibətdə olmalıdır?! Bizim adımız üçün də yaxşı deyil. Ki, "Azərbaycanlı futbolçu gəldi burda oynadı, klubu məhkəməyə verdi!"  Hazırda "Legiya" ilə Mahir arasında olan gərginlik həmyerlimizin gələcək karyerası üçün yaxşı olmayacaq".

Qeyd edək ki, Mahir Emreli 2021-ci ilin yayında "Legiya"ya transfer olunub. Onunla müddəti 30 iyun 2024-cü ilə qədər olan müqavilə imzalanıb. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər