"Legioner həyatı yaşamaq istəyirəm" - Amin Seydiyev

"Legioner həyatı yaşamaq istəyirəm" - Amin Seydiyev

2022-ci il "Pələng ili"dir.

1998-ci il təvəllüdlü millimizin və "Sabah"ın futbolçusu Amin Seydiyev də Çin təqviminə əsasən, Pələng ilində doğulanlardandır.

24 yaşlı "pələng" özü ilə bağlı bir sıra maraqlı məqamları Fanat.Az-a danışıb:

- Amin, Çin təqviminə görə, Pələng ilində doğulan insanlar dünyadakı həyatı istiqamətləndirə biləcək qədər güclüdür. Geniş ölçəkli işlərlə məşğul olmaqdan, kütlələri ayağa qaldırmaqdan və idarə etməkdən xoşlanar. Pələng ilində dünyaya göz açanlar hərəkətli və cəsur insanlardır. Ən yaxşı tərəfləri istiqanlı olmalarıdır. Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar. Zəif tərəfləri isə eqoizm və dostlarına qarşı məsafəli davranmalarıdır. Pələng ilində doğulanlar peşə və karyerasında uğurlu olurlar. Bəzən təlaşlı xarakterləri zərər görmələrinə səbəb olur. Güclü romantik xarakterə sahibdirlər. Bu xüsusiyyətlərdən hansına sahibsiniz?  - Hərəkətliyəm, enerjim çoxdur. Fərqi yoxdur, saat neçə olur-olsun enerjiliyəm. Deyib-gülməyi, əylənməyi çox sevirəm. İstiqanliyam. Ancaq burda qeyd olunan kimi dostlarımla məsafə saxlamıram. (gülür)... Bəyənmədiyim xüsusiyyətim odur ki, tez inciyirəm. Nəyəsə pis olanda, onu ürəyimə salıram və çox fikirləşirəm.

- Başa çatan 2021-ci il haqda nə düşünürsünüz, sizin üçün uğurlu il hesab etmək olar? Həyatınızda və karyeranızda nə kimi yaddaqalan hadisələrlə zəngin oldu? - Arada enişlər olmasına baxmayaraq, 2021-ci ili özüm üçün uğurlu hesab edirəm. Ötən il karyeram üçün uğurlu oldu. Milli komandada oynadım, komandamda çıxış etdim. Məncə, hər şey normal oldu. 

"Legioner həyatı yaşamaq istəyirəm" - Amin Seydiyev

-  Ölkə çempionatında başa çatan ilk yarını, 14 turdan sonra komandanın vəziyyətini necə qiymətləndirirsiniz?  - Çempionata istədiyimiz kimi başlamadıq. Amma ikinci dövrəni istədiyimiz kimi yekunlaşdıra bildik. Məncə, bundan qat-qat yaxşısını edə bilərdik. Ancaq biraz bəxtsizlik oldu. 

-  Yeni ildə həyatınızda və ya karyeranızda hansısa dəyişiklik etmək planınız var?  - Karyeramla bağlı menecerim nə məsləhət görsə, bir yerdə qərar verəcəyik. Hazırda bildiyim yeni bir şey yoxdur. 

- Nail olmaq istədiyiniz və ona doğru çalışdığınız hədəf varmı? - Karyeramda nail olmaq istədiyim Avropada oynamaqdır. Hər gün bunun üçün çalışıram. Legioner həyatı yaşamaq istəyirəm. Ölkəmizi layiqicə təmsil etmək ən böyük arzumdur. 

- Maraqlıdır, futboldan kənarda vaxtınızı necə keçirirsiniz? Hobbiniz nədir?  - Çox vaxt evdə oluram. Film izləyirəm, "Playstation" oynayıram. Hobbim isə yatmaqdır. (gülür)...

Röya Kərimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər