Ötən ilin noyabrında koronavirusa yoluxan və komada olan Qəhrəman Əliyevin səhhəti ağırlaşıb.
11 aydan çoxdur yataq xəstəsi olan tanınmış məşqçinin qardaşı Seyran Əliyev bu haqda Fanat.Az-a məlumat verib.
O, Qəhrəman müəllimin həkimlərin səhlənkarlığı nəticəsində beyin insultu keçirərək yatağa düşdüyünü və hazırda ev şəraitində müalicə olunduğunu deyib:
"Ötən il noyabrın əvvəli idi, özünü bir az narahat hiss edirdi. Qızdırması 37 idi. Ancaq vəziyyəti normal idi. Masallı xəstəxanasına apardıq, koronaya yoluxduğu təsdiqləndi. Palata ayırdılar, müalicəyə başladılar. Ancaq bir neçə gün sonra dedilər Bakıya aparmaq lazımdır. Təcili Tibbi Yardım maşını ilə Zığdakı modul tipli xəstəxanaya yola saldıq. Özü öz ayağı ilə mindi maşına. Vəziyyətində ağırlaşma yox idi. Kaş göndərməzdik o xəstəxanaya. Noyabrın 16-da vatsapla danışmışdıq, səs yazısı qalır. Səsindən təngənəfəslik hiss olunurdu, amma yenə normal danışırdı. Həkimlər dedi ki, beyninə oksigen vermək üçün xəstəni yatırdacağıq. Söz verdilər ki, 5-6 gün sonra komadan ayıldacağıq, bir həftə də saxlayıb təhvil verəcəyik. O yatan yatdı, bir daha ayılmadı..."
Seyran Əliyev qardaşını yoxlamaq üçün Türkiyədən də həkim çağırdıqlarını deyir:
"Zığda əlac tapa bilmədilər. Bakıda bir başqa özəl xəstəxanadan dedilər ki, biz ayıldacağıq. Ancaq onlar da bacarmadılar. Çıxarıb gətirdik Masalıya. Bir neçə gün sonra dedilər ev şəraitində müalicə olunsun. 11 aydı evdə yataq şəraitindədir. Nə lazımdırsa, edirik. Həkim başının üstündə, tibb bacısı yanındadır. Amma irəliləyiş yoxdur. Türkiyədən həkim gətirmişdik. Baxıb dedi ki, milyonda bir rast gəlinən, nadir vəziyyətdir. Gözü açıqdır, baxır. Çağıranda göz hərəkəti ilə reaksiya verir, bəzən əlini və ayağını da tərpədir. Amma ayılmır. Həkimlər artıq hər şeyi möcüzəyə buraxıb. Deyirlər atrofiya keçirib. Səhhəti son günlər bir qədər ağırlaşıb. Şəkər və qan təzyiqi oynayır. Hərəkətsizlik ucbatından müəyyən problemlər yaranıb.
Qardaşımız həkimlərin səhlənkarlığına görə bu vəziyyətə düşdü. Nəzarətsiz qoyublar, təzyiqi oynayıb və beyninə zərər verib.
Ümdimizi kəsmirik. İndiyə qədər nə lazımdırsa etmişik, edəcəyik. Təki qardaşımız sağalıb ayağa dursun".
Tanınmış məşqçinin qardaşı biganəlikdən də gileylənib: "Bir-iki nəfər dost-tanışı çıxmaq şərtilə, Qəhrəmanın vəziyyəti ilə bağlı kömək əlini uzadan, maraqlanan yoxdur. Axı qardaşım illərini futbola həsr edib, Azərbaycan çempionu olub. AFFA-dan heç kim maraqlanmayıb".
Mirağa