Çinin U-20 komandası Almaniya çempionatında çıxış edəcək. Fanat.Az xəbər verir ki, bu barədə iki ölkə arasında anlaşma əldə olunub.
Almaniyanın Baş nazirliyində Çin Futbol Federasiyası, Almaniya Futbol Federasiyası və Almaniya Klublar Birliyinin rəsmiləri arasında görüş keçirilib. Görüşdə tərəflər arasında 5 illik anlaşma əldə olunub.
Tərəflər arasındakı razılığa əsasən, Çinin U-20 komandası Cənub-Qərb Regional Liqasında çıxış edəcək. İndiyədək bu liqada 19 komanda çıxış edirdi. Bununla da say 20-yə qalxacaq.
Çin tərəfi bütün rəqiblərinə onlarla oynayacaqları iki matç üçün 15 min avro ödəyəcək. Asiyalılar yarışda müsabiqədən kənar çıxış edəcək və bu oyunlara görə qazanılacaq xalla turnir cədvəlində əks olunmayacaq.
Çin millisinin Almaniyanın hansı şəhərində yerləşəcəyi və oyunlarını hansı stadionda keçirəcəyi hələ bəlli deyil.
Anlaşmanın detalları tam olaraq ictimaiyyətə Çin Xalq Respublikasının dövlət başçısı Xi Yinpiniqin iyulun 5-də Almaniyaya səfəri zamanı açıqlanacaq.
Fanat.Az