ABŞ-ın "Atlanta Yunayted” klubu baş məşqçisi Qabriel Hayntse ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə argentinalının müqaviləsinin razılıq əsasında pozulduğu bildirilib. Onun vəzifəsi müvəqqəti olaraq Rob Valentinoya həvalə olunub.
43 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. MLS təmsilçisi Hayntsenin rəhbərliyi altında meydana çıxdığı 13 oyunda cəmi 2 qələbə görüb. 7 heç-heçə və 4 yenilgi alan "Atlanta Yunayted" 13 oyuna 13 xal yığaraq 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Hayntse 2020-ci ilin dekabrında "Atlanta Yunayted”də baş məşqçi təyin olunmuş və 2 illik müqavilə imzalamışdı. Argentina yığmasının sabiq üzvü əvvəllər "Veles Sarsfild” və "Argentinos Xuniors” komandalarını da çalışdırıb.