Ötən həftə U-17 millimizin baş məşqçisi Təbriz Həsənovla "Xəzər Lənkəran" klubunun rəsmiləri arasında qalmaqalar yaşanmışdı.
Heyət sarıdan korluq çəkən "gəmiçilər"in Yusif Həsənovla İbrahim Qədirzadənin U-17-nin toplanışına buraxmaq istəməməsi narazılığın əsasını qoymuşdu. Bu haqda sosial şəbəkə vasiitəsiylə ictimaiyyətə müraciət ünvanlayan "Xəzər Lənkəran"ın sözçüsü Hüseyn Cəbrayıloğlu Təbriz Həsənovun həmin iki futbolçunu toplanışa gəlməyəcəkləri halda bir daha milliyə çağırmayacağıyla hədələdiyini idda etmişdi.
Sosial şəbəkələrdə gedən müzakirələrə AFFA-nın əməkdaşı, rəsmi vəzifəsi texniki direktor Bernard Lippertin müavini olsa da, baş katib Elxan Məmmədovun yaxın kadrlarından hesab olunan Zaur Hacı-Məhərrəmov da qatılıb.
Xatırladaq ki, Hacı-Məhərrəmov U-17-yə birbaşa nəzarət edir. Bu yaxınlarda Sankt-Peterburqda xatirə turnirinə qatılan nümayəndə heyətinə də məhz o rəhbərlik edirdi. Klubları milliyə laqeyd yanaşmaqda günahlandıran Zaur bəy daha uzağa getməyə də macal tapıb. Problemi ictimailəşdirən, millinin məşqçilərinin yeniyetmə futbolçuları qorxutmasının düz olmadığını, belə toplanışların klubların mənafeyinə zərbə vurmamasını önə sürən Cəbrayıloğlunu böhtançılıqda suçlayan Elxan Məmmədovun yaxın adamı "Xəzər Lənkəran" rəsmisini hədələməkdən də çəkinməyib. Aşağıdakı fotodan gördüyünüz kimi, Hacı-Məhərrəmov Hüseyn bəyə müraciətlə "Sizə milli komanda lazım deyil, etiraf edin artıq. Sübut olmadan ittiham etmək sonda cəzayla bitə bilər. Misal üçün, məhkəmələrdə" yazır.
Xatırladaq ki, "Xəzər Lənkəran" klubunun yetirmələri Azərbaycanın bütün millilərinin şərəfini qoruyur. AFFA əməkdaşları isə aldıqları yüksək məbləğdə əməkhaqqı müqabilində öz vəzifə borclarıyla məşğuldular. Belədə hansısa maaşlı çalışanın futbolumuz üçün daha çox can yandırdığını, özünü fəda etdiyi deməsi absurd iddiadır. (Sport7.az)

Fanat.az