“Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur”.
Fanat.Az xəbər verir ki, bunu Türkiyənin “Hatayspor” klubunun məşqçisi Gökhan Kağıtçıoğlu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun Super Liqanın 15-ci turunda “Başakşəhər”lə səfər oyununda penaltini qola çevirə bilməməsi ilə bağlı danışarkən deyib.
Baş məşqçi Volkan Dəmirəl cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis 24 yaşlı hücumçudan razılıq bildirib: “O, indiyə qədər bütün penalti zərbələrini qola çevirmişdi. Dadaşov çox güvəndiyimiz futbolçudur. Futbolda belə hallar olur. Düşünürəm ki, son dəqiqələrdəki yorğunluq və təzyiq zərbəni qola çevirə bilməməsində rol oynadı”.
Dadaşovun 90+9-cu dəqiqədə penaltini qaçırdığı görüşdə “Başakşəhər” 1:0 hesablı qələbə qazanıb. “Hatayspor” hazırda 18 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.