Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço Bundesliqanın 29-cu turu çərçivəsində "Paderborn"la oynanılan matçda (6:1) vurduğu qoldan sonra formasını qaldıraraq "Corc Floyda ədalət" yazısını nümayiş etdirmiş və sarı vərəqə ilə cəzalandırılmışdı.
Fanat.Az xəbər verir ki, Almaniya Futbol İttifaqı Sançonun cəzalandırılmasına aydınlıq gətirib. Federasiyanın saytında yerləşdirilən məlumatda, oyunun baş hakiminin ingilis futbolçuya sarı vərəqə göstərməsinin onun Corc Floyda dəstək verməsi ilə əlaqədar olmadığı qeyd edilib. Bildirilib ki, referi maykanın üzərində yazılmış sözləri oxumağa imkan tapmayıb. Sadəcə, Sanço formasını çıxartdığı üçün cəzalandırılıb.
Ötən həftənin bazar ertəsi ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis məmuru Corc Floydu yaxaladıqdan sonra dizini onun boynuna dayamışdı. Təxminən 8 dəqiqə bu vəziyyətdə qalan Floyd dünyasını dəyişmişdi. 46 yaşlı mərhum son anlarında "Mən nəfəs ala bilmirəm" cümləsini işlətmişdi. Artıq ABŞ-ın 20-dən çox ştatında hadisə ilə bağlı etirazlar başlayıb.
Qeyd edək ki, bu, Amerikada son illərdə qaradərililərin polis tərəfindən öldürülməsinə dair ilk belə hal deyil.
Fanat.Az