Qətər "Əl-Sədd"ini çalışdıran Xavi "Barselona"dan yeni təklif alıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun canlı əfsanəsinin baş məşqçi postunu tutacağı ilə bağlı məlumatı "Twitter"də "Mundo Deportivo"nun əməkdaşı Fransesk Aqilar paylaşıb.
Aqilar indiki baş məşqçi Enrike Setyenin ya bu günlərdə, ya da mövsümün sonunda gedəcəyini və onun yerinə müvəqqəti olaraq "Barselona"nın B komandasını çalışdıran Qarsiya Pimyentanın təyin ediləcəyini yazıb.
Mənbə klub prezidenti Xosep Bartomeunun futbolçuların razılığını alandan, onların Xavini istədiyini biləndən sonra sabiq yarımmüdafiəçiyə təklif göndərdiyini vurğulayıb. Məlumatda 40 yaşlı çalışdırıcının alacağı əməkhaqqı da açıqlanıb - illik 6 milyon avro.
Qeyd edək ki, İspaniya Primyerasının 32-ci turunda baş tutan "Selta" ilə görüşdən (2:2) sonra "Barsa"nın futbolçuları ilə baş məşqçi arasında insident yaşanıb. Oyunçular Setyenin taktiki qərarlarından narazı qaldıqlarını bildiriblər.
Fanat.Az