“2016-cı il həyatımda ən uğurlu il oldu” - İbrahim Şehiç

“2016-cı il həyatımda ən uğurlu il oldu” - İbrahim Şehiç

“İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz legioner futbolçular öz ölkələrimizə getdik və ailələrimizlə vaxt keçirdik, məncə, tətil tam yerinə düşdü”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

 

Klubun rəsmi saytına açıqlama verən təcrübəli qolkiper geridə qalan istirahət müddətindən danışıb. Bosniya və herseqovinalı qapıçı “Qarabağ”ın bu mövsüm üçün hədəflərindən də söz açıb: “Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik”.

 

Şehiç söhbət əsnasında mövsümün ilk yarısını da dəyərləndirib: “Hər il bizim üçün çətin olur. Geridə qalan həm yaxşı, həm pis günlərimiz oldu. Həm zədəlilərimiz, həm də cəzalılarımız oldu. Mövsümün ilk yarısı bizim üçün uğurlu alındı, Avropa Liqasının qrup mərhələsində 7 xal topladıq, ilk dövrənin son oyunlarında komandamız xarakter göstərərək, yenidən liderliyə yüksəldi. İndi isə qış təlim-məşq toplanışını dəyərləndirib, burada yoxlama oyunlarında əlimizdən gələni etməli, Premyer Liqaya tam hazır olmalıyıq”.

 

“Qarabağ”ın çərçivə qoruyucusu 2016-cı ili karyerasının ən uğurlu ili adlandırıb: “Ötən il mənim həyatımda ən uğurlu il oldu. Həm milli komandada, həm də "Qarabağ"da uğurlar əldə etdim. Bunun səbəbi də “Qarabağ”dı, bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram”.

 

Şehiç son olaraq, “Qarabağ”dakı rəqabətdən danışıb: “Komandamızda hər mövqedə rəqabət var və hamı komandaya xeyir vermək üçün əlindən gələni edir. Hər mövqedə 2-3 futbolçu olmalıdı. Hazırda komandamızda 4 yaxşı qolkiper var ki, hər birimiz daim əsas heyətdə oynamağa hazırıq”.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər