XXXVI turda Ramil Diniyevin absurd penalti qərarı sayəsində "Xəzər Lənkəran"dan xal alıb Premyer Liqada qalan "Rəvan"a yeni rəhbər gəlir. Bu barədə Fanat.az-a məlumatlı mənbələrdən bildirilib.
Məlumatda bildirilir ki, sabiq vitse-prezident, hazırda klubla heç bir bağlılığı olmayan Bəhruz Şirəliyevin prezident təyin olunması gözlənilir. Buna səbəb klubun sahibi Nuru Əliyevin hazırda kluba rəhbərlik edən Samir Hüseynovun fəaliyyətindən narazı olmasıdı.
Samir Hüseynov klubun mərhum rəhbəri Müşfiq Səfiyevin dövründən faktiki olaraq kluba rəhbərlik edir. Həmin vaxt Müşfiq Səfiyev klubun rəsmi prezidenti olsa da, Salyandakı süd zavoduna rəhbərlik etdiyindən "Rəvan" Samir Hümeynovun nəzarətində idi. Hətta türk baş məşqçi Güvənc Kurtarı da komandaya o gətirmişdi. Hüseynov Müşfiq Səfiyevin vəfatından sonra kluba nəzarəti tam olaraq ələ alıb.
Amma onun fəaliyyəti Nuru Əliyevi qane etmir. Bu səbəbdən "Nurgün"ın sahibi klubu Bəhruz Şirəliyevə tapşırmaq niyyətindədi. Məlumat verən mənbə bildirir ki, hazırda "Rəvan"ının Premyer Liqada qalıb-qalmaması ilə bağlı müzakirələr gedir. AFFA ilə aparılan müzakirələrdə məhz Bəhruz Şirəliyev iştirak edir.
Yeri gəlmişkən, "Rəvan" Premyer Liqada qalsa, Salyanı təmsil edəcək. Belə ki, AFFA və klub arasında ilkin razılıq belə olub.
Onu da qeyd edək ki, Bəhruz Şirəliyevin Samir Hüseynov və klubun vitse-prezidenti İlqar Axundovla münasibətləri pisdi. Şirəliyev onlarla yola getmədiyi üçün klubdan ayrılmışdı.
Fanat.az