Və yenə də Rəşad var!

Və yenə də Rəşad var!
AFFA-nın millimizə lazım olandan çox sürən baş məşqçi axtarışının koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətə təxirə düşməsi faktdı. Hadisələrin sonrakı axarının hansı səmtə yönələcəyini zaman göstərəcək. Ancaq iş görmək əvəzinə, necə deyərlər, papağı günə yandıran futbol başbilənlərinin yarıtmaz fəaliyyətinin Azərbaycan futboluna ikiqat zərbə vurması danılmaz həqiqətdi.
İndi  ölkəmizdə digər idman yarışları kimi, bütün futbol turnirləri də təxirə salınıb. "Şüşəli saray”ın "vəzir”inin Avropada tapdığı, Azərbaycana gətirməyə razı saldığı növbəti əcnəbinin kimliyi dəqiqləşməsə də, reallığa yaxın təxminlərdən çoxları xəbərdardı.  Bu yazıda əsas namizədlərdən birinin - "Avropada oynayan komandadan təklif almışam, məsələ həllini bu günlərdə tapmalıdı” deyən və bəlli səbəbdən İtaliyada qalan Canni de Byazinin üstün və zəif cəhətlərini ortaya qoymaq niyyətində deyiləm. Heç Elxan bəyin ilkin razılığını şəxsən aldığı digər yadellinin adı ətrafında da baş sındırmaq fikrim yoxdu.
 
Son tsikldə yığmamıza 1 xal qazandırmaqdan artığına gücü çatmayan Nikola Yurçeviçə qucaq açan assosiasiyanın gəlmə çalışdırıcı planının kökündən yanlış olduğunu ağzıəmzikli uşaq da bilir. Bu başqa məsələ ki, yanvarın 28-də baş katibi olduğu qurumun həm də icraçı vitse-prezidentinə çevrilən Məmmədov axına qarşı üzür. Ən pisi isə yeni vitse-prezidentin bir dəstə  futbol adamını AFFA-ya yığaraq "ağzını qıfıllaması”, biçarələri yanlış yola sürükləyib hörmətdən salmasıdı. Başqa cür anlamayın, BİÇARƏ təyini ilə damğaladıqlarımın bu vəziyyətə qalmasının ana səbəbkarı  "vəzir” olsa da, hər biri ayrı-ayrılıqda ciddi suç sahibi, şəxsi mənafeyini güdən adamlardı. Hansı yolu seçdiklərini ürəklərinin dərinliyində çox yaxşı bilən sabiq futbolçular, məşqçilərdi... Ola bilsin ki, aralarında cümədən-cüməyə xəcalət təri tökən də var... Fəqət həftədə bir dəfə vicdan qarşısında hesabat vermək, alında puçurlayan təri silib yenə Məmmədovun ardınca getməyin özü də çox qorxulu gerçəklikdi. 
Əslində İcraiyyə Komitəsinin bütün yığıncaqlarından əvvəl qeyri-rəsmi müzakirələr aparılır, kimin hansı məsələyə necə reaksiya verəcəyi planlaşdırılır. Məhz buna görə də futbol ictimaiyyətinin sağlam fikirli nümayəndələrinin proqnozları hər dəfə azı 90 faiz doğrulur.
Hazırda nə futbol var, nə koronavirus pandemiyaya çevrilənə qədər keçirilməli olan toplantı, nə də iş. "Evdə qal” çağırışına villasının həyətində qoşulan Elxan bəy kimi hərə öz evində, öz aləmindədi. Bütün hallarda, yaxşılı-pisli bütün kişilərin heç olmasa, soyuqda başa qoymağa bir papağı var. Məcburi istirahətin ən süst çağında hərə öz papağını qabağına qoyub saatlarla düşünə bilər. Papağa baxa-baxa düşünməyin fəlsəfəsi yetərincə dərin, anlamı çoxşaxəlidi. Futbolun gələcəyinə birbaşa və ya dolayı yolla balta vuranların hərəsi özündə bir balaca cəsarət tapsa, yenə də nəyisə dəyişmək, ziyanın yarısından qayıtmaq olar...
Çox güman ki, havalar qızana qədər öncədən nəzərdə tutulan legioner çalışdırıcıları Azərbaycana gətirmək planı həyata keçməyəcək. Mayda futbolçu karyerasını bitirəcək Rəşad Sadıqova minnətçi düşmək icraçı vitse-prezident üçün ən yaxşı yoldu. Belədə həm futbol ictimaiyyətindəki arzuolunmaz qütbləşmə aradan qalxar, həm də milli üzvlərinin 90 faizi arzusuna çatar. Futbolun üzü qədər astarından da anlayanlar xüsusi "çəki”yə sahib kapitanın nəyisə dəyişə biləcəyinə əmindisə, deməli, bu variant mütləqdi.  
Sadıqovun gec-tez millinin "sükanı arxası”na keçəcəyini söyləməyim yenilik sayılmaz. Bu yaz, gələn yaz, o biri yaz...  Bir qədər tez və ya bir qədər gec... "14 nömrə”də ölkənin əsas yığmasının baş məşqçisi olmaq üçün hərtərəfli potensial var.  Futbolçuların hər birinin fərdi potensialına, psixologiyasına bələddisə, ümumi ab-havanı necə yaxşılaşdırmağın, komandanı hansı matça necə kökləməyin yolunu bilirsə, bu günə qədər hər hansı pərdəarxası oyunda adı hallanmayıbsa, haqq etdiyi məsuliyyət yükü  onundu. 2018-in dekabrındakı "torba əməliyyatı”na görə üzr istəmək, xahiş etmək, yeri gəlsə, yalvarıb bu missiyanı millinin simgəsinə - ciddi, xarizmatik oğlana həvalə etmək lazımdı.
 
Nihat Ağasoy
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər