"Sehrbaz"ın acı aqibəti

"Sehrbaz"ın acı aqibəti

Bir zamanlar futbol aləminə öz oyunlarının videogörüntüsü ilə səs salan mərakeş əsilli italiyan futbolçu Həşim Mastur (Hachim Mastour) internet istifadəçilərinə yaxından tanışdır.

Ona "Yeni Messi", "sehrbaz", "futbolun gələcəyi" kimi ləqəblər verilirdi. Tanınmış futbol menecerləri oyunçu ilə yaxından maraqlanır, aparıcı çempionatların klubları isə onu öz heyətlərində görmək istəyirdi.

Hazırda 23 yaşı olan Masturun çıxış etdiyi İtaliyanın B Seriyası klubu "Recina" ilə müqaviləsinə xitam verilib.

Fanat.Az futbolçunun sonrakı taleyi və hazırki vəziyyəti barədə araşdırmanı təqdim edir.

Futbolçu ən erkən yaşlarından tanınmış futbol klublarının nəzərini cəlb etməyi bacarmışdı. 5 yaşı olarkən Mastur "İnter" klubunda çıxış etməyə başlayır. Komanda futbolçunu müqavilə ilə akademiyasına qatmaq istəyir, amma İtaliya Futbol Federasiyasının qaydalarına görə bu mümkün olmur.

"Sehrbaz"ın acı aqibəti

10 yaşında Mastur "Redjana" futbol akademiyasının üzvü olur. Nümayiş etdirdiyi oyunla yenidən bir çox klubun diqqət mərkəzinə düşən futbolçu "İnter"in heyətində bir neçə yoldaşlıq oyunu da keçirir. Amma "Milan" hamını qabaqlayaraq 14 yaşlı futbolçunu 500 000 avroya öz heyətinə qata bilir. Bəzi mənbələr məbləğin 2 dəfə çox olduğunu iddia edirdi. 

14 yaşlı Mastur azarkeşləri heyran etmişdi. "Sky İtalia"ya müsahibəsi zamanı futbolçudan tennis topunu və albalını çiləməyi xahiş edirlər. Sözsüz ki, futbolçu hər ikisinin öhtəsindən gəlir. Həmin epizod videoportallarda işıq sürəti ilə yayılır.

 

2014-cü ildə "Red Bull"un təşkilatçılığı ilə gənc futbolçu və Neymar arasında "fristayl" keçirilir. Mastur topla çətin hərəkətlərdə Neymara qalib gəlir. Həmin video 1 günə 5 milyondan çox baxış sayı yığır.

 

"Milan" klubunun məşqləri zamanı demək olar ki, çəkilən hər bir video Masturun hesabına 1 milyondan çox baxış sayı yığırdı.

"Nike" şirkəti futbolçu ilə birdən-birə 10 illik müavilə imzalayır.

2014-15 ci illərdə "The Guardian" nəşri futbolçunu "10 ən perspektivli gənc futbolçu" siyahısına daxil edir. 

Futbolçu daha çox reklam, videoçarxlar və iri şirkətlərlə müqavilə hesabına populyarlıq qazanmışdı.

18 yaşlı hücumçu bu cür məşhurluqdan zövq alırdı. Hətta hərdən sosial şəbəkələrdə lovğalanmağı da unutmurdu.

Mastur xarici görünüşünə də diqqət yetirirdi. Canluici Buffon (Gianluigi Buffon), El Şaravi (Stepahn El-Shaarawy) və Andrea Pirlo kimi futbolçuların müraciət etdikləri bərbərin daimi müştərisi olan futbolçu özünəməxsus imic formalaşdırmaq niyyətində idi.

15 yaşında olarkən futbolçu "Milan"ın əsas heyət futbolçuları ilə məşq edirdi. Həmin dövrdə klubun baş məşqçisi olan Massimiliano Alleqri (Massimiliano Allegri) onun keyfiyyətlərini yüksək qiymətləndirirdi. Komandanın o zamankı rəhbəri Silvio Berluskoni (Silvio Berlusconi) isə futbolçunun əsas heyətdə meydana çıxmasını təmin etmək üçün İtaliya A Seriyasının reqlamentini dəyişmək istəyirdi.

16 yaşında Həşim Mastur Mərakeş millisinin heyətində meydana çıxan ən gənc futbolçu olaraq tarixə düşür. Bundan əvvəl isə hucümçu İtaliya U-17 millisinin şərəfini qoruyurdu. Əsas millidə meydana çıxmaq həvəsi futbolçunu Mərakeşə yollandırdı.

"Milan" klubunun əvəzedicilərini çalışdıran Omar Danezzi futbolçu haqda bunları deyirdi:  "Masturdan top almaq qeyri-mümkündür. Top sanki onun ayağına yapışıb. O, inanılmaz sürətlə hərəkət edir. Gənc və dinamikdir".

Mastur futbolla yanaşı videoçarxlar çəkməyə də vaxt tapırdı. Bunun üçün xüsusi çəkiliş qrupu və rejissoru da vardı. İnternet izləyiciləri tərəfindən gələn təriflər futbolçunun olduqca xoşuna gəlirdi. Zaman keçdikcə futbolçu sosial şəbəkələrlə o qədər məşğul olur ki, komandanın məşqlərini belə buraxırdı və nəticədə Mastur "Milan"ın əsas heyətindən kənarda qalmışdı. 

2015-ci ilin yayında futbolçuya İspaniyanın "Malaqa" klubundan təklif gəlir. Baş məşqçi Xavi Qrasiya (Javi Gracia) onun kluba gəlməsinin qətiyyən tərəfdarı deyildi. Bu sadəcə olaraq klubun Qətərdən olan sahibi Əl-Taninin arzusu idi.  Ulduzu sönməkdə olan futbolçunun xidmətləri "Milan"a lazım deyildi və Mastur 5 milyon avro müqabilində "Malaqa"ya satılır. İspaniya La Liqasında futbolçu cəmi 5 dəqiqə oynaya bilir. 

2016-cı ilin yayında futbolçu Niderland klubu "Zvolle"yə keçir. Burada da Mastur uğursuz çıxış edir. Mövsüm ərzində cəmi 150 dəqiqə oynayan futbolçu heç bir məhsuldarlıqla yadda qalmır.

Masturun yaşıdları öz üzərlərində işləyərək karyeralarında irəliləyişlərə nail olur, onun isəfiziki göstəriciləri getdikcə daha bərbad vəziyyətə düşürdü.

Hücumçunun növbəti klubu Yunanıstanın "Lamiya" komandası olur. Oyunlardan birində Mastur penalti zərbəsini yerinə yetirə bilmir və mövsümün yarısında komandada heç kimə bildirmədən ölkəni tərk edib İtaliyadakı evinə qayıdır.

2019-cu ildə "Milan"ın baş məşqçisi Cenaro Qattuzo (Gennaro Gattuzo) futbolçuya şans vermək qərarına gəlir və onun "Youtube" portalına video qoyacağı təqdirdə onun dişlərini qıracağını bildirir.

Futbolçuya bu da təsir etmir. Nəticədə Mastur 3-cü divizionda çıxış edən "Recina" klubu ilə iki mövsümlük müqavilə imzalayır. Ötən il isə hücumçu B Seriyasında çıxış edən "Karpi" klubuna icarəyə verilir. Bir müddət sonra futbolçu həmin klubun da heyətinə düşə bilmir. 

"Sehrbaz"ın acı aqibəti

Bir neçə ay bundan öncə futbolçu maraqlı etirafları ilə yadda qalıb. 

"Calciomercato" nəşrinə danışan futbolçu onun lazım olandan daha artıq şişirildiyini və sosial şəbəkələrdəki fəaliyyətinin futbolla düz gəlmədiyini bildirib. 

Topla rəftar hələ də o zamanlar olduğu kimi Masturda əla alınır. Amma sürət və oyunu başa düşmə bacarığı futbolçuda qətiyyən müşahidə olunmur. 

23 yaşlı futbolçu hazırda klubsuzdur. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər