Əsas məqsədimiz qrupdan çıxmaq idi. Tam səmimi desəm, finala yüksələcəyimizi düşünmürdüm". Fanat.Az xəbər verir ki, bu sözləri İslamiadanın qalibi olan Azərbaycan millisinin forvardı Mahir Mədətov deyib.
Həlledici matçda Omanın qapısına ilk yarıda vurduğu iki qolla uğurda böyük pay sahibi olan Mahir bu gün media mənsubları önünə çıxıb. "Qarabağ"ın gənc hücumçusu sevincini gizlətməyib: "Finalda uduzsaydıq, məğlubiyyəti həzm edə bilməzdik. Əziyyət çəkdik, bacardıq. Uğuru oyunumuzla haqq edirdik. Çox sevincliyəm".
Mədətov özünü qəhrəman saymadığını söyləyib: Özümü qəhrəman sayarammı? Yox. Bu ada qapıçımız daha layiqdi. Şahruddin bütün oyunlarda əla oynadı. Müdafiə xəttini də unutmaq olmaz. Finala qədər qol buraxmamışdıq. Cəmi bir qol buraxdıq. O da finalda. Həmin epizodda rəqib futbolçu əla zərbə vurdu. İki qol vurmuşamsa, deməli, mənim günüm idi. Bəlkə də Omanla matç karyeramın ən yaxşı oyunuydu. Het-trik də edə bilərdim. Təəssüf ki, top tirdən qayıtdı. İnanın ki, o epizod haqda bütün gecə düşünmüşəm... Uşaqların hamısı əziyyət çəkdilər. Uğurda hər biri böyük pay sahibidi".
Fanat.Az