"Bursaspor" Robert Prosineçkidən əl çəkmir. Fanat.Az xəbər verir ki, Bakıya gələn Türkiyə klubunun nümayəndələri xorvat mütəxəssislə danışıqları davam etdirir.
Bu barədə klubun vitse-prezidenti Ali Adəmoğlu məlumat verib: "Prosineçkini “Bursaspor”a gətirmək ümidimiz itməyib. Bakıdakı nümayəndələrimiz danışıqları davam etdirirlər”.
Adəmoğlu son sözü AFFA-nın deyəcəyini bildirib: “Prosineçki ilə danışıqları yekunlaşdırmışıq və onunla hərtərəfli anlaşma əldə etmişik. Onun AFFA ilə müqavilə müddəti davam etdiyindən, hər şey bizdən asılı deyil. Hazırda Bakıda olan nümayəndələrimiz bunu da yoluna qoymağa çalışırlar. Onlar bu gün AFFA rəhbərliyi ilə bir araya gəlib, bu məsələni müzakirə edəcəklər. İnanırıq ki, AFFA tərəfinin də razılığını ala biləcəyik. Bu həftə Prosineçkini komandanın başına gətirmək fikrindəyik”.
“Bursaspor”un vitse-prezidenti Prosineçki ilə anlaşmanın detalları barədə məlumat verməkdən imtina edib: “Bunun üçün gərək AFFA ilə də anlaşaq. Ondan sonra Prosineçki ilə müqavilə müddətini və detalları açıqlayacağıq. Onun eyni anda hər iki yerdə işləməsi variantı da var. Amma bu barədə ətraflı məlumata malik deyiləm. Çünki danışıqları Azərbaycandakı klub rəsmiləri aparırlar. Ümid edirik ki, AFFA rəhbərliyi ilə bu gün keçiriləcək görüş müsbət nəticələnəcək”.
Qeyd edək ki, “Bursaspor”un İdarə Heyətinin üzvü Yüksəl Çolak və meneceri Hüseyin Gedik danışıq aparmaq məqsədilə Bakıdadılar.
Fanat.Az