"Heç vaxt xoruz kəsməmişəm" - YENİ İL MÜSAHİBƏSİ

"Heç vaxt xoruz kəsməmişəm" - YENİ İL MÜSAHİBƏSİ

“Xoruz ili”ndə doğulan (1981) Rəşad Abdullayevin Fanat.Az-a müsahibəsi

- Nə vaxtsa xoruz kəsmisən?

- Yox, kəsməmişəm. Şəhərdə böyüdüyümə görə xoruzdan, qoyun-quzudan bir qədər uzaq olmuşam.

- Səncə, kəsə bilərsən?

- Açığı, həssas adamam. Başqaları kəsəndə də baxmamağa çalışıram. Düzdü, ev quşları insanın qidalanması üçündü. Amma başını üzməyə cəhd etməmişəm.

- Uşaqlar xoruzlardan qorxur. Səni nə vaxtsa qorxutmayıb?

- (Gülür) Olub, olub... Uşaq vaxtı hinləri daşladığımız da olub. Özümüz saxlamasaq da, bir dəfə xoruzun üstümə hücum çəkdiyini xatırlayıram. 

- Sənə kəsilmiş xoruz versələr, nə bişirərsən?

- Özüm qayqanaqdan başqa heç nə bişirə bilmirəm. Yaxşı cavan beçə olsa, tabaka bişirtdirərəm. Yanında da qızardılmış kartof. Ya da soğanda qovurtduraram. Məncə, azərbaycanlıların çoxu xoruzu belə bişirmək istəyər.

- Heç vaxt xoruz yeməmisən?

- Adətən broyler. Ola bilsin ki, yediyim broylerlərin içində xoruzlar da olub (yenə gülür). Hə, bir də Ruslan Əmircanov arada bizi ov əti yeməyə aparır. Yəqin orda da hansısa ov quşunun xoruzunu yemişəm. Hamısı fərə ola bilməz axı.

- “Dünənki cücə xoruza dimdik atır” deyiminə uyğun hadisəylə rastlaşmısan?

- Meydanda da olub, həyatda da... Gənc futbolçular bəzən özünü aqressiv aparanda yadıma 10-15 il əvvəlki Rəşad düşür. Yaşın üstünə yaş gəldikcə insan səbrli olmağı,güzəşt etməyi öyrənir. Oyunun gedişində 19-20 yaşlı oyunçuların dikbaşlığını indi gülümsəyərək reaksiya verirəm.

- Bəs 10 il əvvəl?

- 10 il əvvəl cavabını necə lazımdı verərdim. Onu da deyim ki, mən həyatda davakar, problem axtaran adam deyiləm. Bəzən meydanda mübahisə etdiyim adamla kənarda görüşmüşəm, görüb ki, fərqli insanam. Dəfələrlə olub, özümə də deyiblər ki, meydandan kənarda başqasan.

- Xoruza məxsus xarakterlərdən səndə hansı var?

- Məncə, yüngül lovğalıq olub, özündənrazılıq yox. Boynuma alıram, aqressiya da olub.  

- Bəs şux görünməyə çalışmaq, geyimə, saç düzümünə xüsusi fikir vermək, necə?

- O mənlik deyil. Normal, səliqəli görünməyə çalışsam da, bəziləri kimi, həddi aşmamışam.

- Bəs xoruz kimi bəzənən azərbaycanlı futbolçu kimdi?

- Vallah, nə deyim... Bizim vaxtımızda belə deyildi. Məşqçilərin də həyata baxışı başqaydı. Saçımıza bir az su vuranda məsələn, Ağasəlim Mircavadov söz atırdı. Diqqətlə baxırdı, uzaqdan bilirik ki, söz atacaq. Elə “otağa yağış yağıb” sualı bəs edirdi də.

- Özünü tərifləməyi sevən futbolçu tanımırsan? Ola bilməz axı...

- Yaxşı, deyim də. Vüsal Hüseynov. O vaxt Rasim Karanın vaxtında “Xəzər Lənkəran”a gəlmişdi. Çox lovğaydı. Həmişə özünü tərifləyir, özünü tərifləməkdən həzz alırdı. Uşaqlar da xasiyyətinə bələd idilər. “Xəzər Lənkəran”a “Şəmkir”dən gəlmişdi. Bizə qarşı yoxlama oyununda bəyənmişdilər. Sol ayağından yaxşı istifadə edirdi deyə, Karanın xoşuna gəlmişdi. Bir dəfə toplanışda uşaqlar “Xəzər”ə necə gəldiyini soruşdular. Başladı özünü tərifləmə.”Xəzər Lənkəran”la oyunda sol cinahda necə oynadığını elə həvəslə danışırdı ki, adamın ağzı açıq qalırdı. Birdən döndü, mənə baxdı. Başa düşdü ki, sol cinahda “at oynatdığını” deməklə məni aşağılamış olur (Rəşad adətən “gəmiçilər”in formasında sağ cinah yarımmüdafiəçisi mövqeyində oyanyırdı). Dərhal söhbəti başqa səmtə fırlatdı. Təxminən belə: Rəşad qardaşımızın da yadına gələr, o oyunda pleymeyker mövqeyindəydi. Hə, Vüsal beləydi...

- Rəşad, xoruz deyəndə daha nələr və kimlər yadına düşür?

- Hə, onlarla mənim işim yoxdu,qardaş. Uzaqdan görəndə də ürkürəm. 

- “Xoruz ili”ndə futbolla vidalaşmayacağın dəqiqdi?

- Oynamaq, hələ bundan sonra da futboldan zövq almaq istəyirəm. Hələ karyeramı bitirmək fikrim yoxdu. 3 ay futboldan uzaq qaldım, inanılmaz dərəcədə darıxırdım. Başa düşdüm ki, futbolsuz qala bilmirəm. İndi oynadığım oyundan xüsusi zövq alıram. Gənclərə də öz məsləhətlərimi verirəm.

- “Xoruz ili”ylə bağlı arzuların varmı?

- Ölkəmizə, xalqımıza xoş günlər arzulayıram. Futbolumuzda hər şeyin yaxşıya doğru dəyişəcəyinə, millinin, klublarımızın yaxşı nəticələrlə adından söz etdirəcəyinə inanmaq istəyirəm. İnşallah, belə də olar.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər