"Qəbələ"nin prezidenti Tale Heydərov Azərbaycan Kubokunun həlledici matçından - "Qarabağ"a 0:2 hesabı ilə yenildikləri final oyunundan sonra brifinq keçirib. Fanat.Az xəbər verir ki, klub başqanı Naxçıvana ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb.
- "Qəbələ" üçün bu mövsümü necə dəyərləndirirsiz?
- Gözlədiyimizin minimumunu etdik. Daha yaxşısını istəyirdik. Məqsədimiz Premyer Liqada çempion olmaq idi. Ən azı kuboku qazanmaq istəyirdik. Bu il alınmadı, növbəti mövsüm çalışacağıq ki, daha yaxşı nəticə əldə edək.
- Sizcə, nə çatmadı?
- Əsas səbəb "Qarabağ"ın peşəkarlığı və stabilliyi idi. Ən böyük rəqibimiz də "Qarabağ" oldu. Öz səhvlərimiz də az deyildi. Lazımsız və gözlənilməz xallar itirdik.
- Roman Qriqorçukla yola davam edəcəksiniz?
- Bu barədə danışmamışıq. Yaxın günlərdə danışacağıq. Ümid edirəm ki, onunla davam edəcəyik.
- Avrokuboklara hazırlıq necə gedəcək? Komandaya yeni transferlər olacaqmı?
- Oyunçularla bağlı son qərarı məşqçi verəcək. Büdcədə dəyişiklik olmayacaq. Ola bilsin ki, eniş olsun, amma artmayacaq. Bir neçə futbolçu da alacağıq.
- Avropa Liqasında komandanın hədəfi nə olacaq?
- Eyni uğurları gözləmək asandı. Bunu unutmaq lazım deyil ki, ardıcıl 2 dəfə iki dəfə ilk mərhələdən qrupa yüksəldik. Bu, çətin prosesdi. Qrupa düşsək, çalışacağıq xallar qazanaq və bacarsaq, qrupdan çıxaq.
- Oyunun Naxçıvanda keçirilməsinə münasibətiniz necədi?
- Naxçıvana gəlmək çox xoşdu. Azarkeşlərin çox olması sevindirici haldı. Amma daha yaxşı ot örtüyünə malik olan stadionlar Bakıda var idi. Ümid edirəm ki, gələn dəfə belə qərarlar verəndə məsləhətləşmiş və düşünülmüş olacaq. "Qarabağ" da, "Qəbələ" də Azərbaycanın komandalarıdır. Futbol isə azarkeşlər üçün oynanılır. Möhtəşəm atmosferli oyuna şahid ola bilərdik. Ümid edirəm ki, növbəti ilin finalı üçün daha yaxşı seçim olar. Biz Naxçıvanda hər zaman oynamağa hazırıq. Yoldaşlıq matçları da keçirə bilərik, amma kubok qarşılaşması çox vacibdi.
- Azərbaycanda hər il ən azı 1-2 klub fəaliyyətini dayandırır. "Qəbələ" üçün çempionluq sirli qutuya çevrilib. Komandada ruh düşkünlüyü yaranmayıb?
- Xeyr, ruh düşkünlüyü yaranmayıb. Klubların bağlanması yaxşı hal deyil. Kənardan da dəstəklər lazımdı. Klub rəhbərliyi yükün altına tək girə bilmir.
Fanat.Az