"CBC Sport" yeni mövsümə necə hazırlaşır? - AÇIQLAMA

"CBC Sport" yeni mövsümə necə hazırlaşır? - AÇIQLAMA

Premyer Liqada 2017/18 mövsümünün başlamısına sayılı günlər qalıb. Cümə günü, avqustun 11-də yeni mövsüm Azərbaycan derbisi hesab olunan "Neftçi" - "Qarabağ" oyunu ilə start götürəcək.

Ötən mövsüm olduğu kimi, yenə çempionat oyunları "CBC Sport" telekanalı vasitəsi ilə yayımlanacaq. Bəs telekanal yeni mövsümə necə hazırlaşıb?

Bununla bağlı kanalın baş redaktoru Şəmsəddin Abbasova müraciət etdik. Baş redaktor bildirdi ki, artıq oyunlar öz imkanları hesabına yayımlanacaq: "Ötən mövsümdən fərqli olaraq "Saran Holding"dən səyyar telestudiya icarəyə götürməyəcəyik. Çünki artıq öz səyyar telestudiyamız var. Daimi ekspertimiz Aslan Kərimov olacaq. Açılış oyunundan 1,5 saat əvvəl canlı yayım başlayacaq. Bütün komandaların hazırlıq prosesinə nəzər yetirəcəyik, stadiondan jurnalistlərin fikirlərini öyrənib canlı şəkildə tamaşaçılara çatdıracağıq".

Şəmsəddin Abbasov yayım həyatını davam etdirəcək idman verilişləri barədə də məlumat verdi: "Bizim Futbol" və "3-cü hissə" verilişləri yayımını davam etdirəcək. "Start" layihəmiz də davam edəcək. Əslində bu veriliş yay üçün nəzərdə tutulmuşdu. Amma uğurlu olduğundan davam etmək qərarına gəldik".

Kanal rəsmisi Premyer Liqanın püşkatması ilə bağlı hazırladıqları layihənin baş tutmadığını bildirib: "Məqsədimiz mövsümün püşkatmasını canlı yayımlamaq idi. Baş məşqçilərin və kapitanların mərasimdə iştirakını, püşkün kapitanlar tərəfindən çəkilməsini planlaşdırmışdıq. Amma bəzi baş məşqçilər və kapitanlar tədbirdə iştirak etmədiyi üçün planımız baş tutmadı".

"CBC Sport"un bölgələrdə yayımı ilə bağlı yaranan problemlərlə bağlı danışan baş redaktor bildirdi ki, heç bir çətinlik olmayacaq: "Bu yay bir çox bölgələrdə - Şimal zonasında, Şamaxıda və başqa regionlarda olmuşuq. Heç bir problem yoxdu. Mövsümün gedişində də çətinlik olmayacaq. Mövsümə tam hazırıq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər