"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

"Qəbələ"nin U-13 komandası Cənubi Koreyanın Kyoncu şəhərində düzənlənən beynəlxaq turnirdən qayıdıb. Mükafatçılar sırasına düşə bilməyən bölgə təmsilçisinin Asiya ölkəsindən hansı təəssüratla döndüyünü, bu yarışda nə qazandığını bilmək isə vacib idi. Bununla bağlı suallarımızı "Qəbələ" Futbol Akademiyasının direktoru Nail Kərimova ünvanladıq.

- Koreyada keçirilən turnirə qatılmaq ideyası kimdən gəldi?

- Qəbələ Rayon İcra Hakimiyyətindən. Koreyalılar bu ilin martında Qəbələyə gəlmişdilər. Onlar Azərbaycana gələnədək bizim şəhərlə qurulacaq münasibətlərin belə desək, özülü atılmışdı. Yəni Kyoncuyla Qəbələnin qardaşlaşması martda rəsmiləşdi. Ardından İcra Hakimiyyətinin xəttiylə Asiya ölkəsinə yollandıq.

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

- Səhv etmirəmsə, yarış hər il keçirilir...

- Elədi. 7 ildi ki, eyni qaydada təşkil olunur. Biz ilk dəfə qatılsaq da, Kyoncuya gələn komandaların bəziləri əvvəllər də bu turnirdə oynamışdı.

- Turnirin səviyyəsi qane etdi?

- Dəvət edən tərəf səfərin bütün maddi xərclərini öz üzərinə götürdü. Dəqiqləşdirsək, xərclərimizi Cənubi Koreya Uşaq Futbol Federasiyası qarşıladı. Onlar ispanlarla da müqavilə bağlayıb. Hər il Koreya komandalarından biri İspaniyaya gedir. Bizə də xüsusi maraq göstərdilər. Avropaya açılmaq istəyirlər. 

- Cənubi Koreyadakı komandalarla oynamaq U-13-ə nə verdi?

- Yeni təcrübə oldu. Fərqli futbol mentalitetinə malik ölkələrin komandalarıyla oynadıq. Bu yaşda uşaqlar üçün belə turnirlə böyük önəm daşıyır. “Selta”, “Santos”, “Nitra” tanış idi. Yaponiya, Çin, Cənubi Koreya klublarını isə tanımırdıq. Məsələn, 0:2 hesabıyla uduzduğumuz Cənubi Koreya təmsilçisi mübarizəni 3-cü yerdə bitirdi. Fiziki cəhətdən hazırlıqlı, taktika anlayışını yaxşı mənimsəmiş kollektiv idi. Yüksək səviyyəli oyun nümayiş etdirdilər. Ümumilikdə, 6 oyuna çıxdıq. Uşaqlar meydanda görmədiklərini görmək, öyrənmədiklərini öyrənməklə yanaşı, şəhəri də gəzdilər. 

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

- Bizim klubların aşağı yaş qruplarının çıxış etdiyi çempionatlarda meydandakı oyunçu sayı 11 olmur. Orda necə idi?

- İlk dəfə 11-11-ə oynadıq. Təbii ki, qısa zaman kəsiyində yeni sistemə uyğunlaşmaq çətindi. Cənubi Koreyaya göndərilən komandamız U-12 liqasının qalibidi. Hələ yeni mövsümdə də 9-9-a oynayacaqlar. Bu mənada fərq göz önündədi. Uşaqlar çatmalı olduqları zirvəyə çatdıqlarını düşünə bilərlər. Bu, təbii haldı. Çünki Azərbaycan çempionatında bir oyunda da uduzmamışdılar. Turnir həm məşqçilərə, həm də uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı. Əminliklə deyə bilərəm ki, “Selta”ya 2:0 yenildiyimiz matçda məşqçilərimiz bir yox, bir neçə yenilik gördü.  

- U-13-ə yerli mədəniyyətlə tanış olmaq imkanı yaradıldımı?

- Bizə böyük diqqət göstərdilər. Həm yerli mətbəxin yeməklərindən dadmaq imkanları oldu, həm də gəzmək. Koreya eramızdan əvvəl qurulmuş Şilla imperiyasının xələfi sayılır. Kyoncuda qədim, tarixi abidələr çoxdu. Müqayisə aparsaq, hardasa, Qəbələylə oxşar tarixə malikdi. Elə təbiətlərində də bənzərliklər az deyil. Ordakı ən hündür dağ zirvəsi 1500 metr olsa da... 

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

- Əsas komandanın baş məşqçisi Roman Qriqorçuk səfərinizlə, nəticələrlə maraqlandı?

- Yox.  O, adətən əsas komandaya kömək edə biləcək yeniyetmələrlə maraqlanır. Əvəzedicilərin, U-19-un keçirdiyi görüşlərə baxır. “Dubl”la, U-19-la hər il bir neçə yoxlama oyunu keçirir. Bəyəndiyi futbolçuları əsas komandaya götürür.

- Cənubi Koreya klublarından hansınısa Qəbələyə dəvət etmək fikriniz var? 

- Məlum devalivasiyadan sonra büdcəyə qənaət etmək əsas prinsiplərimizdəndi. Yol uzaq olduğuna görə Cənubi Koreyadan bura gəlmək çox xərc aparır. Yol xərclərini özləri ödəyəcəkləri halda, asiyalıları Qəbələdə qonaq edə bilərik. Hazırda işlərimizi minimum büdcəylə yoluna qoymağa çalışırıq. Bildiyiniz kimi, bu yaxınlarda Tiflis “Dinamo”su da gəlmişdi. Bizimkilər ora gedəcək, gürcülər də tez-tez Qəbələyə gələcək. İl ərzində qonşu ölkəyə 2-3 səfər planlaşdırmışıq. Oktyabrın  sonu və ya noyabrın əvvəllərində 2 yaş qrupu üzrə komandamız Tiflisə yollanacaq. Məsafə uzaq deyil. Bir avtobusa iki komanda rahatlıqla yerləşir. Hər səfərdə onlar bizim qalmaq və yemək xərclərimizi qarşılayacaq, biz də onların.

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

"Bu turnir məşqçilərə, uşaqlara zirvənin uzaqlarda olduğunu xatırlatdı" - MÜSAHİBƏ

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər