"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində keçirilən matçda - "Vest Hem"lə səfər oyununda (2:2) hücumçu Məhəmməd Salahla aralarında yaşanan insident barədə danışıb.
Fanat.Az xəbər verir ki, Kloppun sözlərini "Sky Sports" belə çatdırıb:
"Məsələ həllini tapıb. Hər şey qaydasındadır. Biz bir-birimizi çoxdan tanıyırıq və bir-birimizə hörmət edirik. Yayılan söz-söhbətlərə baxmayaraq, bunun öhdəsindən gəldik. Qol vurub qalib gəlsəydik, bu insident yaşanmayacaqdı. Çünki o halda Salah ehtiyat oyunçular skamyasında olmayacaqdı".
Xatırladaq ki, qarşılaşmanın 82-ci dəqiqəsində oyuna daxil olmağa hazırlaşan Salahla alman mütəxəssis mübahisə ediblər. Özündən çıxan misirlini həmin vaxt yanında olan komanda yoldaşları - Co Qomes və Darvin Nunyes sakitləşdiriblər.
Nihat