Kazemiro "Real Madrid"dən "Mançester Yunayted"ə keçdikdən sonra ilk müsahibəsini verib.
Fanat.Az-ın məlumatına görə, 30 yaşlı braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına danışıb.
O, yeniyetmə vaxtı "Mançester Yunayted"ə keçmək üzrə olduğunu, hətta klubun düşərgəsinə təşrif buyurduğunu açıqlayıb: "Klubun və stadionun böyük tarixi var. Qazanmaq mümkün olan hər şeyi qazanıblar.
15 ildən sonra bura qayıtdım. Çoxları bilmir ki, mən 15 yaşımda burada oynamışam. O vaxt "San Paulo"nun oyunçusu idim. Həmin turnirdə oynayanda "mançester Yunayted"ə keçmək istəyirdim. İndi yenidən buradayam. Dünyanın ən xoşbəxt adamıyam. "Mançester Yunayted"in kuboklar qazanmasına kömək etmək, oynamaq üçün səbirsizlənirəm.
Həyat yoldaşım ingiliscə danışır. Yeddi yaşlı qızım və bir yaşlı oğlum var. Onlar ingiliscə məndən bir az yaxşı danışırlar. Təəssüf edirəm ki, sizinlə və fanatlarla ingiliscə danışa bilmirəm. Amma öyrənmək istəyirəm”.
Qeyd edək ki, 30 yaşlı futbolçu ötən həftəsonu “qırmızı şeytanlar”la 4+1 illik müqavilə bağlayıb. “Mançester Yunayted” bu transfer üçün “Real”a bonuslarla birlikdə 70 milyon funt-sterlinq (82.4 milyon avro) ödəyəcək.
Mirağa