Xəbər verdiyimiz kimi, Gürcüstanın "Samtredia” komandasında forma geyinən azərbaycanlı futbolçu Nicat Qurbanov Batumi "Dinamo”suyla səfər matçında ağır zədə alıb.
Fanat.Az-a danışan 28 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacağını deyib.
"İki gündür mualicəm başlıyıb. Meydana qayıtmağım 3 həftə çəkəcək. Ayağımda ağrı var. Hələ ki, normal yeriyə bilmirəm. Amma günü-gündən ağrı azalır. Düşünürəm ki, müalicəmin birinci həftəsindən sona normal yeriyə biləcəm", deyə Nicat bildirib.
Qeyd edək ki, Gürcüstan çempionatının VIII turu çərçivəsində baş tutan "Dinamo” (Batumi) - "Samtredia" matçında meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. Nicat Qurbanov bu görüşün 10-cu dəqiqəsində zədə alaraq əvəzlənib.
Xatırladaq ki, 8 turdan sonra hesabında 8 xal olan "Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu oyunlarda 3 qol vurub.
Röya Kərimli