"Nəticə verə bilməyən məşqçi yerini kiməsə verib getməlidir" - "Xəmsə" fanklubunun rəhbəri

"Nəticə verə bilməyən məşqçi yerini kiməsə verib getməlidir" - "Xəmsə" fanklubunun rəhbəri

"Kəpəz"in elitaya qayıdacağı ilə bağlı xəbərlər təsdiqini tapar-tapmaz gəncəli azarkeşlər etirazlara başladılar. Fanatlar bu gün də sanki "Kəpəz"in elitaya çıxmasından üzgündürlər. Sosial şəbəkələrdəki postlar, qərb təmsilçisinin oyunlarındakı şüar və pankartlar belə düşünməyə əsas verir.

"Xəmsə" fanklubunun rəhbəri Müşfiq Məmmədov Fanat.Az-a açıqlamasında üsyankar azarkeşlərin mövqeyinə aydınlıq gətirdi:

"Üzgünlüyün haqlı səbəbləri var. Hələ komanda Birinci Divizionda olanda biz hər zaman klubun Premyer Liqada bu şəkildə iştirakına qarşı olmuşuq. Çünki bu gün ortaya çıxan problemləri görürdük və belə olacağını çoxdan təxmin edirdik. Görünür ki, yanılmamışıq. Yalandan "hər şey yaxşıdır, Gəncə komandası 100 faiz Premyer Liqada olmalıdır" deyənlər indi üzə çıxmalıdır. Komandanın "oyuncaq" olmasının səbəbkarlarının səhvlərini  tribunada olan fanatlar düzəltməli deyil! Sadəcə, biz onlar qədər biganə qala bilmirik".

Tərəfdarların əsas qınaq obyektlərindən biri baş məşqçi Yaşar Vahabzadədir. Məmmədov "Azarkeşlər tərəfindən hər oyunda istefaya səslənən mütəxəssisin yerində kimi görmək istəyirsiniz" sualını belə cavablandırdı:

"Komandanın başında kim olmasına azarkeşlər qərar vermir. Bizim ümumiyyətlə, kiminsə baş məşqçi postuna gətirilməsini dəstəkləmək kimi fikrimiz yoxdur. Bu işi təşkil etmək üçün pul alan adamlar var. Söhbət yalnız Yaşar Vahabzadədən getmir. Onun yerinə kim olsaydı, eyni münasibəti görəcəkdi. 3 ildən çox nəticə verə bilməyən məşqçi yerini kiməsə verib getməlidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər