Nə Məmmədovundu, nə də kürən xorvatın- MATÇA SÖZARDI

Nə Məmmədovundu, nə də kürən xorvatın- MATÇA SÖZARDI

2017-ci ildəki ilk oyununda qələbə qazanan yığmanın istənilən uğuru ürəkaçandı. Zatən, böyük futbol ölkəsi deyilik və bizim üçün epizodik nailiyyətlər də qazancdı.

Gözdən uzaq

Qətəri 2:1 hesabıyla üstələyən millinin oyununu görmədik. AFFA-dan verilən məlumata görə, rəqib komandanın çalışdırıcısı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları rəqiblərdən gizlənmək üçün matçın yayımlanmasına izn verməyib. Olsun... Ancaq bu faktı sınaqçı-rəqib axtarışına çıxan və son dayanacaq kimi sözügedən ərəb ölkəsini seçən asossiasiya məmurlarına bağışlamağa dəyməz. Milli nə baş katib Elxan Məmmədovundu, nə də Azərbaycana bağlı olmadığını təmsilçimizi çalışdırdığı qısa dönəmdə 2 dəfə isbatlamağa imkan tapmış kürən xorvatın – Robert Prosineçkinin. Zəfər səsinə, qələbə qoxusuna mənəvi ehtiyacı olan azərbaycanlılar oyunu ekran başından izləməliydi. Başqa sözlə, AFFA-da əyləşənlər yayım məsələsini əvvəldən nəzərə almalı, razılığa gəlməliydi. Səhlənkarlıq, biganəlik və başıpozuqluqdu. Belə desək, Məmmədov “mafiya”sının köhnə mərəzi... Canlı baxa bilmədiyimiz oyun haqda nə yazaq və oxuculara nə çatdıraq?

Motivasiya?

Matçdan sonra verilən açıqlamalardan da başa düşmək olur ki, oyun Almaniyayla rəsmi görüş ərəfəsində özünəinam baxımından faydalı oldu. Hardasa... Kapitan Rəşad Sadıqovun söylədiyi kimi, bu o demək deyil ki, almanlarla görüşdə müsbət nəticə qazanacağıq. Belfastdakı qəzanın ardından toparlanmaq, futbolsevərlərə “yox, biz ölməmişik, Prosineçki də sağdı” mesajı göndərmək lazım idi, vəssalam. Əlbəttə ki, oyunun nəticəsinin əvvəldən razılaşdırıldığına eyham etmirik. Ancaq “motivasiya qazandıq, toparlandıq” fikrini də döyüş bayrağı qismində dalğalandırmaq çabası gülüncdü.

Premyer Liqa millisi

Maraqlı məqamlardan biri Qətərə qarşı oynayan bütün futbolçuların Azərbaycan birinciliyində top qovmasıydı. Oyun FİFA-nın rəsmi görüşlər üçün ayırdığı pəncərəyə daxil edilmədiyindən xarici klublarda top qovan milli üzvləri Prosineçkinin sərəncamına göndərilməmişdi. Bir yandan Dmitri Nazarovsuz, Dəniz Yılmazsız komandanın qazandığı qələbənin şirinliyi, o biri yandan “axı seçmə mərhələnin oyunlarında bu heyətlə çıxış etmirik” düşüncəsindən doğan onlarla sual... Hə, bizimkilər Dohada bu səviyyədə rəqiblərə qarşı oynaya bildiyini isbatladılar. “Milliləşdirilmiş” futbolçuların yoxluğunda (Əslində Bədavi Hüseynov da o qəbildəndi) nəyisə bacara bildiklərini göstərmələri müəyyən təsəllidi. Başqa sözlə, bir gün qanıyla,canıyla azərbaycanlı olanlardan qurulmuş heyətin milli formaya sahib çıxacağını düşünməyin özü də qürurvericidi. Ümid etdik, inandıq...

İnanılmazı reallaşdırmasaq...

Millimiz FİFA-nın reytinq sıralamasında 89-cu, Qətər 84-cü pillədədi. Dünənki zəfər təmsilçimizin ümumi əmsalına 320 xal gətirib. Bu qazanc son 4 ildəki oyunlarında toplanan əmsalların yekununa əsasən hesablanan reytinqə müsbət təsir edəcək. Növbəti siyahı aprelin 6-da açıqlanacaq. O vaxtadək Almaniyayla oyun keçirilmiş olacaq və avropalılarla görüşün nəticəsi də nəzərə alınacaq.

Yoahim Lövün komandasına uduzsaq da, reytinq xalımız 386-ya yüksələcək. Qətəri yenməklə azı 6 xalı təmin etmişik. Düzdü, bu “qənimət” hər hansı sıçrayışa zəmanət vermir. İnanılmazı reallaşdırsaq, “bundestim”dən xal alsaq, başqa məsələ... Yox, xüsusi nəsə baş verməsə, böyük ehtimalla, 89-cu yerdə qalacağıq. Hərçənd siyahıdakı “qonşular”ın da keçirəcəyi oyunların əhəmiyyəti var.

Nihat Ağasoy

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər