Nazim Süleymanov - dünəndən gülümsəyən işıq!

Nazim Süleymanov - dünəndən gülümsəyən işıq!
Azərbaycanda həmişə futbol olub. Olmasaydı, qoca Qafqazın güneyində günəşlənən yurdumuzun özünəməxsus ənənəsi, ölkə sərhədlərindən kənarda adı ehtiramla anılan dəyərləri də olmazdı. Bəlli, etalon olmağın məşq və məsuliyyətlə birbaşa bağlılığı yoxdur. Nə qədər qəribə səslənsə də, yalnız seçilmişlər zəhmətə qatlaşmağı öyrənəndə  dəyərə çevrilir. Uca Yaradanın nadir insanlara bəxş etdiyi bu özəllik şübhəsiz, istedad adlanır. Bir qədər də obrazlı yanaşsaq, istedad atını öz xarakteri ilə yüyənləməyi, ram etməyi bacaranlar futbol tarixinin nəhəng və əbədi lövhəsinə özüylə yanaşı, Vətəninin də imzasını atır. Nazim Süleymanov belələrindəndir!
 
O, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov və özü boyda dəyərdir!
Vladiqafqaz "Alaniya"sında karyerasının zirvəsinə çatan hücumçu 1991-1996-cı illər aralığında şərəfini qoruduğu klubda Azərbaycanı ən yaxşı şəkildə təmsil edib. Klubun SSRİ və Rusiya çempionatlarında ən çox qol vuran oyunçusu ünvanını ələ keçirən Süleymanov həm də Osetiyanın fəxri vətəndaşıdır. 
Əlbəttə, bu gün  Azərbaycan futbolunun ovsarı naşı sarbanların əlində, Nazim bəy səriştəsizlərin başbilənlik etdiyi baş binadan kənardadır. AFFA-dakı söz sahiblərinin onun rəhbəri olduğu Həmkarlar İttifaqına ögey münasibətinin səbəbini anlamaq o qədər də çətin deyil. Necə deyərlər, bunlar köhnə nəğmələr...
Bilinən budur ki, haqqında danışdığımız veteran qaranlığa qərq olmuş futbolumuzun dünənindən gülümsəyən işıqdır. İşığı basdırmaq olmur! 56 yaşın mübarək, Nazim Süleymanov! 
Hörmətlə: Fanat.Az kollektivi
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər