Xorvatiyanın U-21 millisinin üzvü Alois Dominik Oroz qeyri-adi vəziyyətə düşüb.
Fanat.Az Niderland mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu doğulub boya-başa çatdığı ölkəsini - Avstriyanı tərk edə bilmədiyi üçün klubunu dəyişmək məcburiyyətində qalıb.
Səbəb Orozun hərbi xidmət problemi ilə bağlıdır. Avstriya qanunlarına görə, hərbi mükəlləfiyətli kişilər altı ay hərbi xidmət və ya doqquz ay mülki xidmət arasında seçim etməlidirlər. Oroz isə ölkənin rəsmi qurumlarına əsgərlik müddətinin təxirə salınması üçün müraciət etməyib.
Məsələ burasındadır ki, Alois Dominik Oroz müqavilə ilə Niderlandın “Vitess” klubuna məxsusdur. O, Avstriyadan klubunun düşərgəsinə qayıda bilmədiyi üçün niderlandlılar məcburiyyətdən 21 yaşlı mərkəz müdafiəçisini Avstriya “Şturm Qras"ına bir illik icarəyə verib. "Vitess"in texniki direktoru Benyamin Şmedes problemi belə şərh edib: "Hələlik bu uzun və yorucu vəziyyətə belə son qoyduq. Dominiki Niderlanda qaytarmağa çalışdıq, amma cəhdlərimiz uğursuz oldu. Heç cür müdaxilə edə bilmədik. Təbii ki, əsəblərimizə toxunur. Amma indi bir qədər sakitləşmişik. Bilirik ki, bu təqvim ilində Dominikdən yararlana bilməyəcəyik. Onun icarəyə verilməsi ən ağlabatan yoldur”. Mirağa