"Keşlə” 3 futbolçusuna özünə yeni klub tapmağı məsləhət görüb. Klubun yeni idman direktoru Ceyhun Sultanov Con Kamara, Silvio Rodriges və Dmitro Klotsla müqaviləni qışda qarşılıqlı razılıqla pozmaq üçün danışıqlara başlayıb.
Əcnəbilərə onların çıxışından baş məşqçi Yunis Hüseynovun razı qalmadığı izah edilib. Legionerlər də çalışdırıcıdan narazıdı və getmək istəyirlər, lakin onlar klubdan mümkün qədər çox kompensasiya qoparmaq niyyətindədilər. Bu səbəbdən anlaşmalarının davam etdiyini əsas gətirən futbolçular hər hansı ödəniş olmadan vidalaşmağa meylli deyillər. Eyni zamanda Silvio və Kamara yeni variantlar axtarır – onlara ölkəmizdə müştəri düşənlər də var.
Təbii ki, futbolçularla vidalaşmaq Sultanovun da ürəyincədi. Çünki o, gətirəcəyi yeni futbolçular üçün boş yer təmin etməlidi. Tələbat nə qədər çox olsa, yeni gələnlərin sayı və paralel olaraq, Ceyhun bəyin qazancı artacaq. İdman direktoru "Keşlə”yə təkcə maaş üçün deyil, həm də futbolçulardan faiz götürmək üçün gəlib.
O, bütün karyerası boyu belə işləyib, sıradan oyunçuları klublara baha qiymətə calayıb və legionerlərin aşağı səviyyəli olduğu aydınlşanda isə bəhanələri sıralayıb. Beləcə karusel fırlanıb, hər zəif legioner dəstəsi altı aydan bir yeniləri ilə əvəzlənib, Sultanovsa pulunu qazanıb.
Bəlkə elə bu "məharət”inə görədi ki, "Neftçi”dəki uğursuz işindən sonra "Keşlə” onu heç bir ay işsiz qalmağa qoymadı. Paytaxt klubu belə əməliyyatlar üçün əla meydan olduğundan "bu işin sehrbazı” əməkdaşlığa cəlb olundu. Yaxın günlərdə vəzifəsinə təyinatı rəsmən açıqlanacaq Ceyhun bəy bazarlığı genişləndirəcək.
Əslində, qarşıda 2 vacib oyun qalarkən futbolçulara göndəriləcəklərini demək qeyri-peşəkarlıq nümunəsidi. Sözügedən legionerlərdən fədakar oyun gözləməyə dəyməz və onlar indidən başqa komandanı, gələcək iş yerlərini düşünürlər.
Xatırladaq ki, "Keşlə” bir müddət öncə daha 3 əcnəbini yola salıb. Artur Batista, Alvaro Tavares və Şahrux Qadoyev mövsümün gedişindəcə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Sultaniv hətta onları buna razı salmağı bacardığı üçün klubdan qanorar da alıb.
Mənbə: Futbolinfo