Koronavirus pandemiyası səbəbindən bir müddət idman aləmində sükut olsa da, açıq havada keçirilən yarışlara icazə verildikdən sonra idman dünyasında canlanma yaşanır.
Xüsusilə də dünyada və ölkəmizdə futbol çempionatlarına start verilməsi ilə idman kanallarımızda da yeni mövsümə start verilib.
Bəs yeni mövsümdə tamaşaçılar idman kanallarında hansı yenilikləri, verilişləri izləyəcəklər?
Fanat.Az idmansevərlərin marağına səbəb olan bu sualla idman kanallarına müraciət edib.
Azərbaycanın ilk idman kanalı olan "İdman TV"nin direktoru Rövşən Binnətli saytımıza açıqlamasında kanalın yeni mövsümə olan planlarından bəhs edib:
"İllərdi olduğu kimi, İngiltərə Premyer Liqasının "İdman TV"də yayımı bu il də davam edəcək. Bundan başqa, daha bir çempionatla bağlı danışıqlar gedir. Hələ tam dəqiqləşmədiyi üçün bir söz deyə bilmirəm. Ancaq yaxın gələcəkdə ola bilsin ki, tamaşaçıların marağında olan daha bir ölkənin çempionatını təqdim edək. Bundan başqa Avropanın aparıcı futbol ölkələrinin çempionatları ilə bağlı ayrıca verilişlərimiz nəzərdə tutulur. Bura Türkiyə, İngiltərə, İspaniya, İtaliya çempionatları daxildi. Eyni zamanda, ölkə çempionatını işıqlandırmaq üçün "Mərkəzi xətt" adlı verilişimiz fəaliyyətə başlayıb və artıq 3 buraxılışı efirdə olub. Bu verilişdə ölkə çempionatımızın oyunlarından fraqmentlər, təhlili nümayiş olunur, həmçinin mübahisəli epizodların mütəxəssis tərəfindən təhlil olunması nəzərdə tutulur.
Futboldan kənar verilişlərimiz də diqqət mərkəzindədi. Məsələn, basketbola bizim xüsusi verilişimiz var ki, orada həm dünya, həm də Avropa basketbolunda baş verən yeniliklər öz əksini tapır.
Bunlar hamısı həftəlik verilişlərdi. Yeniliklərimizdən biri odu ki, tennislə bağlı planımız var və artıq gerçəkləşmək üzrədi. Bildiyiniz kimi, ölkəmizdə tennisə yüksək səviyyədə maraq var. Buna görə də tennislə bağlı ayrıca veriliş təşkil etməyə çalışırıq. O da yeni mövsümdən efirimizdə olacaq.
Gimnastikada uğurlarımız hər kəsə bəllidi, bunu demək artıqdı. Ona görə biz də gimnastika ilə bağlı maarifləndirici veriliş hazırlamağı özümüzə borc bildik. Bura tək bədii gimnastika deyil, idman gimnastikası da aiddi.
Planlarımız çoxdu. Ən əsaslarını sizlər üçün sadaladım. İşlərin gedişində başqa layihələr də nəzərdə tutulur. Məsələn, məşhur idman jurnallarından, tanınmış idmançıların karyeralarından bəsh edən filmləri, verilişləri tərcümə edib tamaşaçılara çatdırılması ilə bağlı planlarımız var.
Ümumiləşdirilmiş şəkildə işlərimiz hələki bunlardan ibarətdi. Amma bu, bizim yeni mövsüm üçün planlarımızın tam hissəsi deyil, çünki biz ekstrim idman azarkeşlərini də unutmamışıq. O, istiqamətdə də layihə üzərində işimiz yekunlaşmaq üzrədi. İlkin çəkilişləri də etmişik, hazırda montaj işləri gedir. Düşünürəm ki, ekstrim həvəskarı tamaşaçılarımız üçün çox maraqlı veriliş alınacaq.
"Formula 1" yarışı da bizim efirdədi, Azərbaycan Qran Priləri çox böyük nüfuz qazanıb. Baxmayaraq ki, bu mövsüm Bakı Qran Prisi pandemiyaya görə alınmadı, amma buna baxmayaraq, biz yarışın yayımını kəsmədik, davam etdik və hazırda həftənin cümə, şənbə və bazar günləri həm test, həm də final yürüşlərini tamaşaçılara təqdim edirik".
"CBC Sport" kanalı da yeni mövsümün başlaması ilə bir neçə yeni layihəyə start verib. Bu barədə Fanat.Az-a danışan kanalın redaktoru Rüstəm Əfsərli növbəti aydan daha bir neçə verilişin nümayiş olunacağını vurğulayıb:
"Bizim üçün artıq yeni mövsüm başlayıb. Milli çempionatın başlaması ilə yeni mövsümə start vermişik. Xəbərlər xidmətinin daxilində yer alan 8-dən 9-a kimi olan səhər xəbərləri bərpa olunub, iki yeni layihəmiz artıq efirə çıxıb. Bu, həftənin şənbə günləri Gündüz Abbaszadənin aparıcısı olduğu "Gündüzün efiri" verilişidi. Hər şənbə saat 12:00 başlayıb təxminən 1 saat davam edəcək proqram həftənin hadisələrinə həsr olunub. Proqramda qonaqlar, bağlantılar da olacaq. Bu həftədən yeni lahiyəmiz olan "Xanımlar formada" verilişi də başlayır. Hər bazar efirə gedəcək proqramda 3 xanım aparıcımız - Rəfiqə Əziz, Xəyalə Xahlarlı və Aidə Əliyeva ölkə və dünya idmanı haqda danışıb, cari hadisələrə fərqli formada baxış keçirəcəklər.
Bundan əlavə, daha iki yeni veriliş nəzərdə tutulub. Ancaq ola bilsin ki, sentyabrın sonları, oktyabrın əvvəllərindən başlayaq. Bu proqramlar da Avropa və dünya idmanına aiddi.
Azərbaycan futboluna aid həftəlik verilişlərimizin sayı üçə yüksəldi. Hər tur bitdikdən sonra 1-1,5 saatlıq, hətta bəzən 2 saatlıq efir olacaq. Aparıcısı mən olacam, daimi ekspertimiz hələlik Emin Abbasovdu və gələcədə yeni ekspertlərin də cəlb olunması gözlənilir.
Bildiyiniz kimi, millinin oyunları, ölkə çempionatı, avrokuboklara görə yayım həddindən artıq çoxdu. Ona görə də demək olar ki, yeni verilişlər üçün efir setkasında yer yoxdu. Amma mümkün qədər çalışırıq ki, gecə saatlarına qədər verilişlərin sayını artıraq.
Xüsusilə qeyd etmək istəyirəm ki, pandemiya dövründə çalışdıq ki, verilişlərimizin sayı azalmasın. Xəbərlər xidməti və şərhçilər qrupunun imkanları nəticəsində təxminən 30-a yaxın Dünya və Avropa çempionarları ilə bağlı filmlər, ayrı-ayrı klubların tarixləri, futbolçular haqqında filmlər tərcümə olundu və efirə səsləndirildi. Üstəlik xəbərlər xidmətində də dünyanın və Azərbaycanın idmanında iz qoymuş idmançılar haqqında "Tarix" adlı 5-10 dəqiqəlik xüsusi xırda verilişlər var. Hazırda əlimizdə hardasa 60-dan çox xırda verilişlər var və hər həftə 8-10 veriliş artır. Bundan sonra daha çox ölkə daxilinə üstünlük verməyə çalışacağıq, Ayrı-ayrı idmançılar və futbolçuların karyerası haqqında verilişlər hazırlayacağıq. Verilişlərimiz boldu, demək olar ki, efir setkasında boş yer yoxdu. Kanal yeni yarananda materiallarımız az olurdu, təkrarlar verirdik. Ancaq indi demək olar ki, efirdə təkrar getmir. Vacib oyunların və ya verilişlərin gecəsi, ya səhəri təkrarını veririk, amma ümumilikdə təkrarların sayı azalıb".
Röya Kərimli