Çempion tələbə - Quardiola və Artetanın hekayəsi

Çempion tələbə - Quardiola və Artetanın hekayəsi
Mikel Arteta baş məşqçi kimi ilk titulunu qazanarkən Pep Quardiolanı unutmadı. 38 yaşlı çalışdırıcının "Çelsi" ilə oyundan sonra dedikləri: "Pepə böyük təşəkkür borcluyam. Bunu deməliydim. Çünki məşqçi olmağımda onun önəmli rolu var".
2016-cı ildə professional futbolçu karyerasını bitirən Mikel Artetaya üç təklif var imiş. Arsen Venger onu "Arsenal"ın akademiyasının başında görmək istəyirmiş. Maurisio Poçettino ispaniyalını "Tottenhem"ə dəvət edib. Pep Quardiola isə "Mançester Siti"dəki məşqçilər korpusunun tərkibində Artetaya yer ayırıbmış.
"Arsenal"la bağlı təklif ürəyincə olsa da, sonda Mikel "Siti" variantına üstünlük verir. "Şəhərlilər"in layihəsi "yox" deyilməyəcək qədər mükəmməl imiş. Üstəlik, Arteta və Quardiola arasındakı "kimya" da əlavə faktor idi.
Pep Artetanı əvvəlcədən tanıyırmış. Aralarında 11 yaş fərq var. Amma "La Masiya"dan məzun olduqları üçün müəyyən münasibətləri var imiş. Arteta Londonda Pepin qardaşı Pere ilə eyni bölgədə yaşayıb və bu da əlaqələrin formalaşmasına təsirsiz ötüşməyib. Əsas "katalizator" isə 2012-ci ildə Mikelin telefonuna gələn zəngdi.
2012-ci ildə Çempionlar Liqasının yarımfinalında "Çelsi" "Barselona"ya rəqib olur. "Katalonlar"ın baş məşqçisi Pep Quardiola "zadəganlar" haqqında ətraflı məlumat toplamaq üçün Artetaya zəng edir. 4 il sonra Mikeli "Mançester Siti"yə aparan hadisələr zəncirinin başlanğıcı məhz bu zəngdi. Onun ötürdüyü analiz məlumatları və izah tərzi Quardiolanın xoşuna gəlir. Tez-tez görüşəcəklərinə dair sözləşirlər.
Zamanda bir az da səyahət edək: 2015-ci ildə "Arsenal" və "Bavariya" Çempionlar Liqasında eyni qrupa düşürlər. Münhen təmsilçisi evdə "topçular"ı 5:1 hesabı ilə məğlub edir. Oyundan sonra Quardiola ilə Arteta görüşür. Məhz o zaman Pep Mikelə İngiltərədəki potensial işindən danışır və əməkdaşlıq təklif edir. İnsayderlərin məlumatına görə, həmin vaxt Quardiola gizli şəkildə "Mançester Siti" ilə danışıqlar aparırmış. Sözügedən mövsüm həm də Artetanın futbolçu kimi sonuncu mövsümü idi. Daha sonra Arteta Pepin iş prosesini izləmək üçün bir neçə dəfə Münhenə səfər edir. Get-gəllər zamanı ikili arasında istər xarakter, istər oyun fəlsəfəsi baxımından kifayət qədər bənzərliklər olduğu ortaya çıxır. Beləcə, Arteta ilkin mərhələdə sevimli "Arsenal"ına "yox" deməli olur.
 
Rüfət Məcid 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər