2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycanı layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın əsas tərkib hissələri kimi önə çəkilmişdi.
Fanat.Az -ın Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olan araşdırmamızın artıq 5 hissəsi yayımlanıb (I hissə, II hissə, III hissə, IV hissə, V hissə).
Ölkə futboluna axan milyonlar fonunda mümkün və gözlənilən irəliləyiş təmin edilmədi. Fikrimizi qısa və yumşaq şəkildə çatdırmağa çalışsaq, ortadakı maliyyənin "çəki”sinə uyğun nəsə görünmədi.
Gündən-günə inkişaf edən futbolda müasir tələblərə cavab vermək, bunun təməlini möhkəm qurmaq vacib faktorlardan biri idi. Dövlət Proqramında elmi-metodiki təminatdan tutmuş tibb, informasiya texnologiyalarının ölkə futboluna tətbiqi ilə bağlı bazanın yaradılması, müvafiq avadanlıqlarla təmin edilməsi məsələləri öz əksini tapmışdı. Qeyd olunanları həyata keçirmədən Avropa, dünya futbolu ilə ayaqlaşmaq mumkünsüzə çevrilir. Hər dəfə konfranslarda bir-iki videoçarx təqdimatı gözə kül üfürmək deməkdir.
Doğrunu AFFA-nın baş katibi Elxan Məmmədovun öz dilindən eşitmək hamı üçün maraqlı olardı. İşimiz növbəti sualı ünvanlamaqdı.
Sualımız belədi:
Yuxarıda qeyd olunan problemlərlə bağlı bu sahələrdə Dövlət Proqramının müddəalarına uyğun hansı əsaslı işlər görülüb və futbol təsərrüfatında öz əksini hansı səviyyədə tapıb?
Əli Sahib
Fanat.Az