Duyğusal tribunalar, alışqan yasağı, "vaxt yeyən" qonaqlar - Oyundankənar

Duyğusal tribunalar, alışqan yasağı, "vaxt yeyən" qonaqlar - Oyundankənar
Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"u qəbul edən "Qarabağ" üstün oynamasa da, matç qolsuz bərabərliklə bitdi. Ağdamlıların ərazi üstünlüyü şəraitində keçən oyunun futboldankənar məqamları da az deyildi.
* Uzun fasilədən sonra "Qarabağ" azarkeşləriylə görüşürdü. Amma gözlənilənlərin əksinə olaraq stadionun ətrafında qələbəlik yaşanmırdı. Görünür, azarkeşlər həm rəqibin zəif olması, həm də havanın temperaturunun yüksəkliyi səbəbindən yollarını "Tofiq Bəhramov"dan salmağı lazım bilməmişdilər.
* "Qarabağ"ın ən sadiq fanatlarının cəmləşdiyi azarkeş qrupu - "İmarət" saat 19:00-dan susqunluğu pozmağa başladı. Stadionun girişində məhz həmin dəqiqələrdə hərəkətlilik yaşandı. "İmarət"in üzvləri müxtəlif şüarlar və nəğmələrlə öz varlıqlarını hiss etdirdilər. Şəhid Məhəmmədəli Mirzəlini də unutmayan "İmarət" üzvləri "Şəhidlər ölməz, vətən bölünməz" şüarlarıyla tribunalara doğru istiqamətləndilər.
* Stadionun girişində təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi. Rəqibin İsrail təmsilçisi olması polislərin məsuliyyətini daha da artırmışdı. Onlar hər kəsin üst-başını yoxlayır, alışqanlar müsadirə olunurdu. Maraqlıdır ki, stadiona siqaret keçirməyə qadağa qoyulmamışdı, yalnız alışqan keçirmək yasaq idi.
* Azarkeşlərin sırası seyrək olsa da, Sənan Şəfizadə onları coşdurmaq üçün əlindən gələni edirdi. Məhz onun çoxsaylı cəhdlərindən sonra tribunalar canlanmağa başladı, tərəfdarlar müxtəlif şüarlarla varlıqlarını hiss etdirdilər.
* Yayın qızmar çağında Respublika stadionunda oyun keçirilə, qazonda problem nəzərə çarpmaya? Mümkünsüzdü. İsti hava ot örtüyünə təsirini göstərmişdi. Start fitindən əvvəl qazonun sulanması da vəziyyəti bir qədər yüngülləşdirmişdi. Amma cərimə meydançasının həndəvərlərində problem özünü göstərirdi.
* Qarşılaşmanın 20-ci dəqiqəsindən etibarən azarkeşlər coşmağa başladı. Bəlkə də "Qarabağ"ın gözlənilən qədər fəal olmaması, hesabın açılmaması onları hərəkətləndirdi. "İmarət"in səsinə "Qarabağ Ordu" qarşı tərəfdən səs verirdi. Qalan azarkeşlər də telefonlarının işıqlarını "rəqs etdirməklə" öz həmrəyliklərini göstərirdilər.
* 22-ci dəqiqədə hakim futbolçular üçün su fasiləsi elan etdi. Yaranmış fürsətdən istifadə edən məşqçilər də futbolçularına tapşırıqlarını verdilər. Maraqlıdır ki, rəqib komanda bu dəqiqədə ilk əvəzetməsini də həyata keçirdi.
* Yarım saatın tamamında tribunaları "Şəhidlər ölməz, vətən bölünməz" şüarları bürüdü. Sanki bu çağırışları futbolçuları da hücuma ruhlandırdı. Təəssüf ki, həmin hücumu qolla başa çatdırmaq mümkün olmadı. Son nöqtəni qoyanın olmaması özünü göstərdi.
* "Qarabağ" 22 iyul Milli Mətbuat Gününü də unutmamışdı. Jurnalistlərin əyləşdiyi media sektordan "Milli Mətbuat Gününüz mübarək" yazılan pankart asılmışdı.
* "Şəhidlər ölməz, vətən bölünməz" sədası 44-cü dəqiqədə yenidən tribunaları lərzəyə gətirdi. "Qarabağ Ordu"nun bu dəqiqədən etibarən səsləndirdiyi şüar 44 günlük Vətən Müharibəsini simvolizə edirdi.
* Hesabın ilk hissədə açılmaması israillilərin əl-qolunu açmışdı. Daha doğrusu, bağlamışdı. Qonaqlar ikinci hissədə əməlli-başlı zaman udmağa oynayırdılar. Rəqib futbolçular xeyli ləng davranır, topu oyuna gec daxil edirdilər. Epizodların birində qonaq komandanın topu autdan meydana daxil etməsi təxminən iki dəqiqə zaman aldı.
* 70-ci dəqiqədə hakim daha bir dəfə su fasiləsi elan etdi. Dərhal yan xəttə doğru istiqamətlənən futbolçular sərin su axtarışına başladılar. Qurban Qurbanov da məhz bu məqamda Ramil Şeydayevi Musa Qurbanlı ilə əvəzlədi.
* Əsas vaxtın bitməsinə 7 dəqiqə qalmış Maksim Medvedev "Qarabağ"ı azlıqda qoydu. Hakimin birbaşa qırmızı vərəqə göstərdiyi Maksim kapitan sarğısını Şahruddin Məhəmmədəliyevə verib, paltardəyişmə otağına yollanarkən tribunalardan ona dəstək gəldi. Azarkeşlər futbolçunun adını səsləndirib, onu alqışladılar.
 
Amal Abuşov
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər