"Milli Qazaxıstana qarşı çox zəif oynadı. Hiss olunurdu ki, baş məşqçi komandanı matça hazırlaya bilməyib".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov deyib.
Bu yaxınlarda "Sumqayıt"da məşqçi kimi fəaliyyətə başlayacağı gözlənilən gənc mütəxəssis yığmanın Millətlər Liqasının oyununda, səfərdə Qazaxıstana 0:2 hesabı ilə yenilməsindən danışıb:
"Təəssüf ki, seçməmiz olduqca bərbad oyun sərgilədi. Sanki oyunçular meydanda nə etməli olduqlarını bilmirdilər. Canni De Byazinin 5 müdafiəçi ilə mübarizə aparmaq planı effektsiz alındı. Məncə, meydana daha düzgün düzülüşlə çıxmaq, bu oyunda uğurlu nəticə qazanmaq olardı. Fakt budur ki, Qazaxıstanın 10 futbolçusu müxtəlif səbəblərdən millidə deyildi. Onlar güclü çıxışla diqqət çəkmədilər, yığmamız zəif oynadı. Bu rəqibə uduzmaqlarına çox üzüldüm.
Əlbəttə, ayrı-ayrı oyunçular da ümidləri doğrultmadı. Məsələn, Mahir Emrelidən çox şey gözləsək də, formada olmadığı bilinirdi. Elə Emin Mahmudov da liderlik keyfiyyətlərini ortaya qoya bilmədi. Amma bu məğlubiyyətdə yalnız onlar günahkar deyil.
De Byazi Azərbaycan millisinə yeni nəsə verə bilmir. Uzun müddətdir ki, eyni problemlər qalmaqdadır. Bunu heyətin zəif olması ilə əlaqələndirməyə dəyməz. Sanki komandada istək yoxdur... Belə baxsaq, Qazaxıstanda Eddi İsrafilov qalanlarından yaxşı oynadı. Yığmada mübarizə əzmi, milli ruh görə bilmədim. Bu vəziyyətdən çıxmaq lazımdır".
Nihat