Koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimovun dəfn edilməsi üçün yer ayrılıb.
Məlumatı Fanat.Az-a mərhumun nəvəsi Nərminə Məmmədova verib.
Aydın İbrahimov bu gün Yasamal qəbristanlığında dəfn ediləcək. Mərasim saat 12:00-da keçiriləcək.
Xatırladaq ki, mərhum 83 yaşında sentyabrın 2-i gecə saatlarında müalicə aldığı klinikada vəfat edib.
Qeyd edək ki, Aydın İbrahimov 1988-97-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.
A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatında qızıl medal qazanıb. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada dünya çempionu adına yiyələnib. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb. Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.
Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Röya