"Liverpul"un niderlandlı futbolçusu Vircil van Deyk mövsümün sonunda gedəcəyinə eyham vurandan sonra növbəti dəfə komandasından danışıb.
Fanat.Az xəbər verir ki, "This is Anfield" kapitanın dediklərini belə çatdırıb:
"Liverpul"un kapitanı, oyunçusu və bir parçası olduğum üçün fəxr edirəm. Bu hissi duymaq möhtəşəmdir. Uşaq olanda Premyer Liqada oynamaqla, sevdiyim işi görməklə bağlı xəyallar qururdum. İndi hər anımdan zövq alıram. Burada olmaq inanılmazdır".
Xatırladaq ki, Vircil 2018-ci ilin yanvarından "Liverpul"un uğurları üçün çalışır. "Qırmızılar"la İPL-in, Çempionlar Liqasının, İngiltərə Kubokunun qalibi olan arxa xətt oyunçusu İngiltərə Liqa Kubokunu da başı üzərinə qaldırıb.