TOPs proqramı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan Uşaq Festivalı təşkil edilib.
Fanat.Az xəbər verir ki, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən Festivala uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri qatılıblar.
Proqramın təlimçiləri tərəfindən parkda yaradılmış TOPs guşəsində uşaqlar üçün müxtəlif, şən, təhlükəsiz oyunlar təşkil olunub. Festivalda ulduz idmançılar - Yunan-roma güləşi üzrə Olimpiya mükafatçısı Rəsul Çunayev, karate üzrə Olimpiya mükafatçısı İrina Zaretska da iştirak edib. Tanınmış idmançılar uşaqlarla birgə komanda yarışlarına qatılıb, onlara sağlam həyat tərzini qorumaq üçün öz tövsiyələrini veriblər. Yüzlərlə uşağın qatıldığı yarışın qaliblərinə medal, həmçinin müxtəlif hədiyyələr təqdim olunub.
TOPs proqramının rəhbəri, Azərbaycan Respublikasının əməkdar müəllimi Vəli Musayev festivalın əhəmiyyətindən danışıb: “Belə kütləvi tədbirin keçirilməsi uşaqlarda birlik ruhunun formalaşmasına, onların kommunikasiya bacarıqlarının artmasına böyük dəstəkdir. Bu günkü tədbirdə iştirak edən valdeynlərin də, uşaqların da xüsusi marağını gördük. Biz də öz növbəmizdə sağlam həyat tərzini təbliğ etmək məqsədilə uşaqlarla müxtəlif idman yarışları, komanda fəaliyyətləri təşkil etdik. Olimpiya mükafatçılarımızın da bu yarışlara qoşulması uşaqlar üçün böyük sevinc, silinməz xatirələr bəxş etdi”.
Qeyd edək ki, TOPs proqramı ümumtəhsil məktəblərində şagirdlərin bacarıqlarının inkişafını təmin edən, onların fiziki sağlamlığının inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.