Portuqaliyalı superulduz Kriştianu Ronaldu artıq Mançesterdədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mançester Yunayted"in rəsmi saytı yayıb.
"Qırmızı şeytanlar"ın köhnə-yeni forvardını hava limanında sabiq komanda yoldaşı, hazırda klubun texniki direktoru qismində fəaliyyət göstərən Darren Fletçer qarşılayıb.
Ronaldu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Portuqaliya - İrlandiya (2:1) oyunundan sonra yığmadan ayrılıb. Hesabda geri düşən meydan sahiblərinə 89 və 90+6-cı dəqiqələrdə vurduğu qollarla qələbə qazandıran hücumçu ikinci qoldan sonra formasını soyunduğuna görə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Azərbaycan yığmasıyla Bakıda baş tutacaq görüşü buraxacağı dəqiqləşən Kriştianu bu üzdən İngiltərəyə nəzərdə tutulan vaxtdan tez yollana bilib.
Xatırladaq ki, Ronaldu İrlandiya ilə matçda yığmada vurduğu qolların sayını 111-ə çatdıraraq tarixi göstəriciyə imza atıb. O, İran millisinin sabiq hücumçusu Əli Daeini (109) geridə qoyub və yeni dünya rekordu müəyyənləşdirib.
Nihat