"Leççe" ilə oyun ərəfəsində "Yuventus"un hücumçusu Kriştianu Ronaldunun oynamayacağı, baş məşqçi Mauritsio Sarri tərəfindən ona istirahət veriləcəyinə dair məlumat yayılmışdı. Lakin 35 yaşlı futbolçu sözügedən matçda 90 dəqiqə meydanda oldu və 1 qol, 2 məhsuldar ötürmə ilə komandasının 4:0 hesablı qələbəsində böyük rol oynadı.
Oyundan sonra Sarriyə bu barədə sual ünvanlanıb. Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı cavabında qeyd edib:
"Ronalduya istirahət vermək? İndi onun stabil oynamaq imkanı var. Hər oyun fiziki formasını artırır. Yorğun ola bilər, amma oynamaqdan həzz alır.
Təbii ki, uzunmüddətli perspektivdən yanaşsaq, ona bəzi matçlarda istirahət verməli olacağıq. Ronaldu istirahətə ehtiyacı olacağını başa düşür".
Cari mövsümdə A Seriyasında 24 matçda meydana çıxan Ronaldunun aktivində 23 qol, 1 məhsuldar ötürmə var.
Fanat.Az