“Mən, əlbəttə, bəyanat verməliyəm. Aydındır ki, bu, ağılsızlıq idi. 30 ildir tanıdığım birinə kömək etmək istəyirdim. Təəssüf ki, həmin adamda yanılmışam. Bu dəfə tələ işlədi və mən bunu qəbul etməliyəm”. Fanat.Az xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi postundan istefa verən Sem Ellerdays deyib.
Rüşvət qalmaqalına görə vəzifəsini tərk edən mütəxəssis hər kəsdən üzr istəyib: “Biz xoşluqla ayrıldıq. İngiltərə Futbol Federasiyasından (FA), hər kəsdən üzr istəyirəm. Özüm özümü pis vəziyyətə qoydum. Biz razılaşmamızın təfərrüatlarını açıqlamamaq barədə razılığa gəlmişik. İndi xaricə gedirəm ki, baş verən hadisə barəsində yaxşıca düşünüm”.
Qeyd edək ki, "The Telegraph" qəzetinin əməkdaşları onun korrupsiyada iştirakını üzə çıxarıblar. Jurnalistlər özlərini biznesmen kimi təqdim edərək, Ellardaysla 10 ay görüş keçiriblər. Onlar İngiltərə Premyer Liqasındakı transfer bazarından gəlir götürmək istədiklərini bildiriblər. Təcrübəli mütəxəssis 400 min funt-sterlinq qarşılığında anlaşmanın imzalanması üçün danışıqların aparılmasına təsir göstərməyə razılıq verib. Habelə, o, oyunçuların transferləri üzrə FA-nın müəyyənləşdirdiyi "Üçüncü şəxsin oyunçuların hüquqlarına sahib olması qadağandır" qaydasından yayınma yollarını izah edib.
O, bu müddətdə İngiltərə millisinin baş məşqçisi təyin edilsə də, anlaşmanı davam etdirəcəyini bildirib. Sem Ellardaysın "biznesmenlər"lə danışıqları videoya çəkilib.
Fanat.Az