Qomes: "Qasperini məni döymək istəyirdi"

Qomes: "Qasperini məni döymək istəyirdi"

İspaniyanın "Sevilya" klubunun 33 yaşlı argentinalı vingeri Alexandro Qomes (Alejandro Gomez) "Atalanta"dan ayrılmasının səbəbləri və 63 yaşlı baş məşqçi Can Pyero Qasperini (Gian Piero Gasperini) ilə qarşıdurmasından danışıb.

Fanat.Az xəbər verir ki, "Goal.com" saytı futbolçunun dediklərini belə çatdırır:

"Bəli, Çempionlar Liqasının qrup mərhələsində Danimarkanın "Midyulland" klubu ilə oyununda onun taktiki göstərişlərinə tabe olmadım. Sonra ilk hissənin sonuna təxminən 10 dəqiqə qalırdı və o, məndən sağ cinahda oynamağı tələb etdi, amma solda daha yaxşı oynayırdım. Ona görə də onun göstərişini rədd etdim. Fasilədə məni əvəz edəcəyini artıq bilirdim.

Amma soyun-geyinibmə otağında  bütün sərhədləri aşdı və məni döyməyə cəhd etdi. Fiziki təcavüz qəbuledilməzdir. Buna görə də klub prezidenti ilə görüşməyimi xahiş etdim və səhv etdiyimi etiraf edərək karyeramı klubda davam etdirməkdə heç bir problemim olmadığını söylədim. Bəli, kapitan olaraq özümü pis apardım və komanda üçün yanlış nümunə göstərdim. Ancaq Qasperini hadisəsi ilə əlaqədar olaraq məşqçidən üzr istəməli olduğumu bildirdim. Ertəsi gün bütün komandanın toplantısı oldu. Baş verənlərə görə məşqçidən və komanda yoldaşlarından üzr istədim. Amma məşqçi olanlara görə məndən üzr istəmədi.

Bir neçə gün sonra prezidentə Qasperini ilə "Atalanta"da işləmək istəmədiyimi bildirdim. Məni buraxmayacağını bildirdi. Bundan sonra mən yalnız ehtiyat heyətlə məşq etməyə başladım.

Olduqca çirkin bir münasibət idi. Yeddi ildən sonra kluba verdiyim hər şeyə rəğmən məni yolun yarısında tək buraxdılar. Prezidentin məşqçinin məndən üzr istəməsini tələb etməyə cəsarəti çatmadı. Onlar hər şeyə son qoydular "

Xatırladaq ki, ötən mövsümün ikinci yarısında Qomes "Sevilya"nın heyətində keçirdiyi 24 görüşdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər