"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Xavinin Kataloniya klubunu tərk etmək qərarını necə qəbul etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, klub funksioneri bu barədə RAC1-ə danışıb:
“Bunu “Vilyarreal”la oyundan sonra bildim. Mən adətən komandanı dəstəkləmək üçün paltardəyişmə otağına enirəm və o, bunu mənə o zaman dedi. Açığı, gözləmirdim. Onu diqqətlə dinlədim, gördüm ki, bu barədə çox fikirləşib. Ona böyük təzyiqlər var idi və bu qərar onun üçün çox mənalı idi.
Xavi bir illik müqavilədən imtina etdi. O, bunu böyük inamla söylədi, bizə bunun klub, komanda və futbolçular üçün daha yaxşı olacağını dedi.
Mən heç vaxt Xavini işdən çıxarmaq barədə düşünməmişəm. O, indi həmişəkindən daha motivasiyalıdır və özünü sərbəst hiss edir. Xavinin mövsümün sonuna qədər işinə davam etməsini istəyirəm. Məncə, bu ən yaxşı variantdır. O, işdən çıxarılmağa layiq deyil.
Mən yalnız Xavi olduğu üçün bu seçimi qəbul edirəm. Çünki o, “Barselona” azarkeşidir və komandaya çox çətin vəziyyətdə gəlib. O, ötən mövsümü əla keçirdi, çempionluğu və İspaniya Superkubokunu qazandıq. Bu mövsüm bizdə belə bir hiss yaranmışdı ki, heyəti təkmilləşdirmişik. Lakin hər şey yolunda getmədi”.
Qeyd edək ki, Xavi bugünlərdə verdiyi açıqlamada bu mövsümün sonunda "Barselona"nı tərk edəcəyini bildirib.
Mirağa