Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u maliyyə problemi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə "Bursadabugun" nəşri məlumat yayıb.
Xəbərə görə, Komandanın Antalya bölgəsindəki təlim-məşq toplanışında 21 futbolçu iştirak edir. Bunların sırasında yalnız 3 əcnəbi var və onlardan biri də Namik Ələskərovdur. Türkiyə mətbuatı Namiklə yanaşı, Nikolas Salasar və Reagi Ofosunun xarakter göstərərək, komandada qaldıqlarını yazıb.
Bursa təmsilçisində çilili Kristobal Xorkera klubun ona 700 min avro borcu olduğunu əsas gətirərək yanvarın 28-də hazırlıq prosesindən ayrılıb və klubu FIFA-ya şikayət edib. Sloveniyalı Tim Matavj da eyni səbəbdən "Bursaspor"u UEFA-ya şikayət edib və müqaviləsini ləğv edərək Kipr "Omoniya"sına keçib. Hazırda zədəli olan niderlandlı Elton Akolatse də komandanı tərk etmək istəyir.
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb. O, cari mövsüm “Bursaspor”da 21 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.