"Mançester Siti” İngiltərə Premyer Liqasında sona 3 tur qalmış çempion olub.
Fanat.Az xəbər verir ki, bu, Premyer Liqanın 36-cı turu çərçivəsində baş tutan "Mançester Yunayted” - "Lester Siti” matçından sonra rəsmiləşib.
Turnir cədvəlində ikincisi - "qırmızı şeytanlar” öz meydanında 1:2 hesabı ilə yenilib. Nəticədə, Sulşerin komandasının qalan turlarda liderə çata bilməyəcəyi dəqiqləşib. Hazırda "şəhərlilər" 80 xalla liderdirsə, MY 70 xalla ikinci pillədədir.
"Mançester Siti” beşinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Xosep Qvardiola isə "Mançester Siti”ni üçüncü dəfədir çempion edir. Daha əvvəl Mançester klubu ispan mütəxəssisin rəhbərliyi altında 2017/18 və 2018/19 mövsümlərində bütün rəqiblərindən güclü olmuşdu. Ötən mövsüm isə çempionluq titulunu "Liverpul” qazanmışdı. Mançesterlilərin əvvəlki Premyer Liqa çempionluqları isə 2011/12 və 2013/14 mövsümlərində qeydə alınıb. "Mançester Siti” İngiltərədə Premyer Liqadan əvvəlki dönəmdə də iki dəfə ölkənin ən güclüsü olub. Bu, 1936/37 və 1967/68 mövsümlərinə təsadüf edib.
Qvardiola isə bu çempionluqla 12 mövsüm ərzində 31-ci titulunu qazandı. O, bu kuboklardan 14-ünü "Barselona”, 7-sini "Bavariya”, 9-unu isə "Mançester Siti”də əldə edib. İspan mütəxəssis 12 mövsümdən 9-unu çempionatın qalibi kimi başa vurub.
Fanat.Az